Ermənistanın iqtisadi asılığı: hazırda taxıl sahələrinin 90%-i Azərbaycanın nəzarətindədir
Azərbaycan işğal altında qalan torpaqlarını azad etdikdən sonra Ermənistan iqtisadiyyatının enerjiyə, taxıla olan tələbatının ödənilməsində problemlər yaranıb. Belə ki, 2018-ci ildən etibarən Ermənistan elektrik enerjisinin bir hissəsini Dağlıq Qarabağdan alıb. İqtisadçı Qubad İbadoğlu yazır ki, hətta bu ildən 330 milyon kvt saat elekrik enerjisinin idxalı planladırılmışdı. İndi əksinə, Dağlıq Qarabağda fəaliyyət göstərən kiçik elektrik stansiyalarının Azərbaycanın nəzarətində olması səbəbindən ermənilər Sərsəng su elektrik stansiyasından asılı vəziyyətdə qalıblar, bu isə onların ehtiyaclarını qarşılamağa kifayət etmir.
Bununla yanaşı, Suqovuşanın bizim nəzarətimizdə olması Dəmirli mis mədənində istehsal fəaliyyətinin dayandırılmasına gətirib çıxarıb. Çünki, mis kombinatına su təchizatı Suqovuşandan idi. Bundan başqa, həmin ərazidə olan kürü istehsalı üzrə ixtisaslaşmış balıq fabriki ilə də bağlı problemlər mövcuddur.
Nəhayət, Ermənistanın taxıla olan tələbatının 30 faizə qədərini indiyədək Dağlıq Qarabağ ödəyib. Ermənilər 27 sentyabradək işğal altında olan ərazilərdəki münbit torpaqlarda taxıl məhsulları becərirdilər. Belə ki, Ermənistanın taxıla olan illik 500-600 min ton 150-200 min tonu Qarabağdan gətirilirdi. Hazırda taxıl əkin sahələrinin 90 faizi Azərbaycanın nəzarətindədir. Odur ki, Ermənistan bundan sonra taxıl, enerji tələbatında yaranmış kəsirləri başqa mənbələrdən ödəmək məcburiyyətində qalacaqdır.