Qarabağ

“Qarabağın inkişafı və bərpası 4 mərhələdə olacaq”

“İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası Sizin tapşırığınıza uyğun olaraq hazırlanıb. Onun hazırlanması və müzakirəsi prosesində iqtisadi şurada bütün rəylər nəzərə alınıb və aidiyyəti üzrə təqdim edilib. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq”.

ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib.

“İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir.

Tapşırığınıza uyğun olaraq, hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və Sizin göstərişinizlə artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Həmçinin bu işlərin görülməsi zamanı dövlət vəsaitlərinə qənaət edilməsi və investisiyaların səmərəliliyinin artırılması məqsədilə yol-nəqliyyat, kommunal infrastrukturu, ənənəvi və alternativ enerji istehsalı irriqasiya və meliorasiya sistemlərinin çəkilməsi və sair sahələr üzrə investisiya layihələrinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi, iqtisadi aktivliyin təşviq olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur”, - deyə o, qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department