Dövlət daxili borclanmaya getdi: istiqraz satdı
Yanvarın 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106001883 ISIN-li, 25 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 91.4411 AZN (10.9224 faiz) və 1 milyon AZN (7.5 faiz) olan 18 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.4001 AZN (8.5 faiz), orta ölçülmüş qiyməti 97.9276 AZN (8.2944 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71 milyon 464 min 400 manat, yerləşdirilmiş həcmi isə 37 milyon 500 min manat təşkil edib.
İstiqrazlar 2024-cü il yanvarın 2-də ödəniləcək. Hərrac iştirakçıları yanvarın 6-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.