Bu il Azərbaycanda hansı rayonların sakinləri “varlanıb”? – ƏMANƏTLƏRİN BÖLGÜSÜ
Hazırda Azərbaycan banklarında 7 milyard 908 milyon 243 min manat depozit mövcuddur. Bu depozitlərin 7 milyard 100 milyon 384 min manatı Bakı şəhərindən cəlb edilib. Bu isə o deməkdir ki, əmanətlərin 89,7%-i Bakıdan formalaşır.
ENA.az xəbər verir ki, əslində bu rəqəm kifayət qədər narahatedicidir, çünki regionlarla Bakı arasında iqtisadi fərqin nə qədər böyük olduğunu göstərir.
Rayonlar üzrə əmanətlərin həcmi
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, iqtisadi rayonların arasında paytaxta daha yaxın olan Abşeron iqtisadi rayonu öndədir. Bu rayonun sakinlərinin hesablarda 185 milyon 894 min manat pulu var. Aran iqtisadi rayonunn sakinləri isə gündəlik xərclərdən artıraraq banka 172 milyon 474 min manat qoyublar. Gəncə-Qazax iqtisadi rayonunda yaşayan insanların hesablarında 151 milyon 819 min manat depozit mövcuddur. Naxçıvan iqtisadi rayonu üzrə depozitlərin həcmi 76 milyon 97 min manat, Şәki-Zaqatala iqtisadi rayonu üzrə 64 milyon 398 min manat, Lәnkәran iqtisadi rayonunda 64 milyon 207 min, Quba-Xaçmaz iqtisadi rayonundan 54 milyon 867 min, Dağlıq Şirvan İqtisadi rayonundan 33 milyon, 531 min manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 4 milyon 573 min manat əmanət mövcuddur.
Abşeronda yaşayanlar daha çox pullarını banklardan çıxardıblar
İlin əvvəli ilə müqayisədə hesablarından pulu geriçəkənlər arasında ən böyük artım Abşeron iqtisadi rayonunda qeydə alınıb. Burada əmanətlərin 29%-ni və ya 74 milyon manatdan çox əhali banklardan götürüb. Bakı sakinləri ötən 10 ayda banklardan 606 milyon 847 min manatını geri çəksələr də bu rəqəm Bakı üzrə ümumi depozit portfelində cəmi 7,8% azalma deməkdir. Yalnız Naxçıvan, Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi zonalarının sakinlərinin bank depozitlərinin həcmi artıb.
Əmanətlərin orta faiz dərəcəsinə görə ən yüksək bölgə isə Quba-Xaçmaz iqtisadi rayonudur və 5.4% ilə birinci yeri tutur. Ən aşağı orta faiz dərəcəsi isə Naxçıvandadır - 2.02%.
Milli valyutada olan depozitlərin orta faiz drəcəsi 5.03%, xarici valyutada isə 1.41% təşkil edib.