BİZNES

Vergi güzəşti sağ əllə sol qulağı qaşımağa bənzəyir – TƏHLİL

Sadələşdirilmiş vergi ödəyicilərinin gələn il yanvarın 1-dən gəlir və ya mənfəət vergisi ödəyicisi olması bəzi xidmət sahələrinə baha başa gəlir. Başqa sözlə, vergi yükünün azaldılması barədə nazirliyin verdiyi açıqlamalar bəzi hallarda öz təsdiqini tapmır.

"BI" xəbər verir ki, bu xüsusəndə intellektual mülkiyyət sahiblərinə aiddir. Xidməti müqavilə işləyən ekspertlər, xarici mətbuat oqranlarının Azərbaycandakı əməkdaşları, eləcə də ölkə daxilində jurnalistika fəaliyyəti göstərən böyük bir qrup vergi öhdəliyinin artmasından narahatdır.

İki fundamental səhv

İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, sadələşdirilmiş vergi ödəyicisinin gəlir və ya mənfəət vergisi ödəyicisi olmaq imkanı və bu halda vergi yükünün 5 dəfəyədək azalacağı ilə bağlı Vergilər Nazirliyi Vergi Siyasəti Departamentinin rəhbəri Samirə Musayevanın açıqlamasında iki fundamental səhv olub.

“Birincisi dedi ki, sadələşmiş vergi ilə işləmək sərfəli deyil, bu məntiqdən belə çıxır ki, 18 il sahibkarlıq sərfəsiz vergi sistemi ilə çalışıb. Əlbəttə, bu tam belə deyil.

İkincisi, vergi rəsmisi dəyişikliyi əsaslandırmaq üçün hipotezadan istifadə etdi və bildir ki, 20 faiz rentabellik olarsa…bəlkə 50 faiz rentebelliklə işləyir, bəlkə 5 faiz. Yəni, rentabellilik arqumentinin özü mübahisəlidir, çünki hipotezadan istifadə etdikdə, onun müdafiəsi üçün ciddi arqumentlər gətirilməlidir.  Və hipoteza irəli sürür ki, 20% olarsa, bəlkə daha çoxdur. Və niyə 50% yox, 20%?”

Vergi yükü azalmır, əksinə artır

Ekspert qeyd etdi ki, elə sahələr var ki, orada rentabellik 100 faizdir. Məsələn, intellektual xidmət göstərənlərin elə bir xərci yoxdur.

“Tutaq ki, xarici pressanın Azərbaycandakı müxbiri 10 min manat qazanır, bu elə onun gəliri ola bilər, çünki istifadə etdiyi bir internetdir və əlavə elə bir xərc maddəsi yoxdur. Bu halda vergi əməkdaşının dediyi kimi 83 manat deyil, 500 manat vergi ödəməlidir, halbuki, sadələşdirilmiş vergi imkan verirdi ki, xidmət göstərən rayonda işləyirsə 200 manat, Bakıda işləyirsə 400 manat ödəyirdi”.  Demək, vergi yükü azalmır, əksinə artır”.

Nazirlik rəsmisinin çıxışından qeyd

Qeyd edək ki, Vergilər Nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayeva bu məsələyə belə şərh vermişdi:

“Çünki bildiyimiz kimi, sadələşdirilmiş vergi ödəyicisi ümumi dövriyyənin 4 faizi qismində vergi ödəyirdi. Gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir və ya hüquqi şəxsin mənfəətidir. Şərti mənfəətlilik dərəcəsini 20 faiz götürsək, aylıq 10 min manatadək gəlir əldə edən şəxslərdə 4 faiz sadələşdirilmiş vergidə sahibkar 400 manat vergi ödəyirdisə, bu gün gəlir vergisinə keçdiyi və yenə də 20 faiz rentabelliklə işlədiyi halda dövlətin verdiyi gəlir və mənfəət vergisi üzrə 75 faizlik güzəşt tətbiq edilməklə, cəmi 83,3 manat vergi ödəyəcək.

Yəni müqayisə etsək, 400 manatdan 83 manata düşür. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan sahibkar vergi uçotunu dəqiq və şəffaf apardığı halda vergi yükü, əslində, dəfələrlə aşağı salınıb”. 

Açıqlama konkret hesablamalarla olmalı idi

R.Ağayev 75% vergi güzəştinin verilməsinin də əleyhinədir:

“Bu sağ əllə sol qulağı qaşımaq kimi bir şeydir. Ondansa mənfəət vergisini diferensiallaşdırsınlar. Güzəştin verilməsi o deməkdir ki, sonra güzəşti ləğv etmək daha asand variantdır”.

Bəs, sadələşmiş vergi ödəyicisi kimi qalanlar kimlərdir. İqtisadçının sözlərinə görə, bu patent ilə işləyənlərdir:

“Məsələn, dərzilər. Ümumiyyətlə, patent ödəyicilərinin sadələşmiş vergiyə aid edilməsinin tərəfdarı deyiləm. Onlar gəlir vergisi ödəyiciləri olmalıdırlar, çünki patent gəlirlər əsasında təyin edilir, Türkiyədə də belədir”.

Bundan başqa, sadələşmiş vergi ödəyicilərinə200 minə qədər dövriyyəsi olan ticarətçilər, ictimai iaşə, sərnişin daşıma xidməti daxildir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdrilimiş vergi dərəcəsi isə saxlanılır. Beləliklə, sadələşmiş vergi ödəyicilərinin əhatəsi kifayət qədər daraldı.

Ekspert vergi sahəsində sistemli iş, analitik bazanın çox yüksək səviyyədə olmasının vacibliyini vurğuladı.

“Vergi Məcəlləsini texniki baxımdan əzbərləməklə vergi işçisi olmaq olmaz. Verginin analitik bazası olmalıdır, orada makroiqtisadiyyatı bilən mütəxəssislər çalışmalıdır. Mətbuata isə açıqlama belə olmalı idi: Hesablama aparmışıq, 8 min manata qədər vergini ləğv etmişik. Bu göstərir ki, bu qədər işçi qüvvəsi yaxın bir ildə bu qədər, iki ildə bu qədər, 3 ildə bu qədər leqallaşacaq. Açıqlamalar konkret hesablamalarla verilməlidir”.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department