Sənaye

“Azəri-Çıraq-Günəşli”nin 2 platformasında hasilatı dayandıracaq

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2019-cu ildə “Azəri-Çıraq-Günəşli” blokunda iki platformada profilaktik işlər həyata keçirməyi planlaşdırır. Bu barədə şirkətin mətbuat katibi Tamam Bayatlı məlumat verib.

“Gələn il “Mərkəzi Azəri” və “Qərbi Çıraq” platformalarında profilaktik işlərin həyata keçirilməsini planlaşdırırıq. Bu müddət ərzində qeyd olunan platformalardan hasilat dayandırılacaq”, - T.Bayatlı qeyd edib.

O vurğulayıb ki, profilaktik işlərin keçirilməsi tarixi hələ dəqiqləşdiriləcək.

Şirkətin məlumatına görə, platformalarda profilaktik işlər ənənəvi olaraq 15 gün əzrində aparılır.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları 40 mlrd. dollar həcmində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.

“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)