Azərbaycanda distant təhsilin müddəti uzadıldı
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli qərarında dəyişiklik edilib.
ENA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə qərarın qüvvədə olma vaxtı dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadılıb.
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Nazirlər Kabineti aşağıdakıları qərara alır:
1. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.
2. Müəyyən edilsin ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərarın 2-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.
4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.