Bank

Mərkəzi Bank qarşısında bankların borclanması 61,2% artıb

Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 473 milyon manat təşkil edir ki, bu, ilin əvvəli ilə müqayisədə 6,9% azdır.

ENA.az xəbər verir ki, bankların aktivlərinin 13 105,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 11 ayda sektorun kredit portfeli 2,6% kiçilib, kreditlərin aktivlərdəki payı isə 41,1%-dən 43%-ə yüksəlib.

Bankların aktivlərində digər nəzərəçarpan göstəricilər maliyyə institutlarındakı depozitlərdir ki, onun həcmində 1 milyard manata yaxın azalma var. Qiymətli kağızların həcmində isə əksinə artım var və banklar kredit imkanları zəiflədiyindən əllərindəki vəsaiti qiymətli kağızlara yatırmağa çalışırlar. Hazırda qiymətli kağızların akitvlər portfelindəki həcmi 4 milyard 465 milyon manat təşkil edir və ötən 11 ayda bu istiqamətdə yatırımlar 1 milyard 204 milyon manat artıb. 

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,3% azalaraq 26 081,8 milyon manata düşüb. Depozit portfeli 9,45% azalaraq 19 milyard 312,7 milyon manat təşkil edib. Bunun 7 milyard 797,8 milyon manatı fiziki, 11 milyard 514,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. 11 ay ərzində əhalinin banklardakı vəsaitləri 8,35%, şirkətlərin banklardakı vəsaitləri isə 10,2% azalıb.

Hesabat dövründə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında borclanması isə təxminən 61,2% artaraq 525,7 milyon manat olub.

Sektorun balans kapitalına gəlincə, bu göstərici 1,7% artaraq 4 661,2 milyon manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)