Nazir: Bu il pandemiya Azərbaycanın qeyri-neft ixracını azaltdı
Azərbaycanda tətbiq edilən sərt karantin rejimi ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Bunu nümayiş etdirən əsas göstəricilərdən biri əsas kapitala investisiyaların azalmasıdır. Əhalinin gəlirləri də azalıb. Qeyri-neft ixracı da zərər çəkib - ilin yekunları üzrə qeyri-neft ixracının 5,6% azalacağını gözləyirik", - deyə Cabbarov bu gün parlamentin plenar iclasında 2021-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəbi Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşmasıdır.
M.Cabbarov qeyd edib ki, artıq qeyri-neft ixracı üzrə yeni strategiya hazırlanıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2021-2025-ci illəri əhatə edəcək Milli İxrac Strategiyasını yaxın vaxtlarda hökumətə təqdim edəcək.
Strategiya üç əsas prinsipdən ibarət olacaq: Azərbaycanda ixrac mədəniyyətinin yaradılması, xarici bazarların tələbatına uyğun məhsulların istehsalı, "Made in Azerbaijan" brendinin dünya bazarında yayılması.