Qarabağdakı Rusiya sülhməramlıları: səlahiyyətin aşılması yeni fəsadlar yaradacaq
Bu ilin sentyabrın 27-də Azərbaycan Ordusu Dağlıq Qarabağı və ətraf rayonları erməni işğalçılarından təmizləmək, bununla da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini gerçəkləşdirmək məqsədilə əks-hücum əməliyyatları həyata keçirməyə başladı. Nəticədə işğalçı Ermənistanın bütün hərbçiləri və qanunsuz silahlı dəstələri Azərbaycan torpaqlarından çıxarıldı. Proses sona yaxınlaşanda Rusiya atəşkəs təşəbbüsü ilə çıxış etdi.
Azərbaycan tərəfi Rusiyanın bu mövqeyini xoşməramlı addım sayaraq bununla razılaşdı. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin noyabrın 10-da atəşkəs bəyanatı imzaladı.
Hərbi əməliyyatların dayandırılmasından ötən 34 gün ərzində Rusiya Qarabağa hərbi texnikadan tutmuş xilasedicilərədək hər cür yardımçı qüvvələr toplayıb. Onların sülhməramlı kontingentə nə dərəcədə aidiyyəti olduğu hələ məlum deyil.
Bundan başqa, dekabrın 12-nə olan məlumata görə, Rusiya 38 341 ermənini Qarabağa qaytarıb.
Azərbaycan tərəfinin xoşməramlı addımına ilk gündən Kremlin sülhməramlıları uyğun olmayan cavablar verməyə başladı. Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritənin təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub.
Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kimin verdiyini sual edir. Xəritələrlə manipulyasiya və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. Ona görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır və ona qısa zamanda düzəliş edilməsinə ehtiyac var.
Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Təəssüf ki, Rusiya sülhməramlıları fəaliyyətini öz öhdəliklərinə uyğun şəkildə qura bilmirlər.
Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Erməni dəstələrinin noyabrın 26-da Xocavəndin Sur kəndinə hücumu nəticəsində 3 hərbçi, dekabrın 8-də Hadrut yaxınlığında isə 1 hərbçi şəhid olub.
Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlər Azərbaycanın nəzarətindədir. Əgər yeni oxşar hadisələr baş verərsə, Azərbaycanın uyğun addımlar atacağı istisna deyil.
Rusiya sülhməramlılarının görəcəyi vacib tədbirlərdən biri də Qarabağda erməni separatçıların qanunsuz silahlı dəstələrini tərk-silah etməkdir. Ancaq baş verənlərdən belə görünür ki, onlar tərk-silah olunmayıb. Əksinə, sülhməramlıların himayəsi altında Azərbaycan hərbçilərinə və dinc sakinlərə hücum edirlər.
Rusiya tərəfi isə əvvəllər olduğu kimi yenə də guya prosesdə ədalətli hakim rolunu oynadığını nümayiş etdirir. Hadrut rayonunda baş verən atışmadan sonra sülhməramlı missiyanın qərargahından bildirilib: “Birbaşa kanalla tərəflərdən atəşkəs rejiminə tam əməl etmək tələb olunub”.
Tərəflər deyən Rusiya hərbçiləri kimi nəzərdə tutur? Qarabağda tərəf yoxdur. Orada danışıqlara əsasən, dinc ermənilər olmalıdır. Azərbaycan tərəfi onların hüquqları və təhlükəsizliyini qorumağı vəd edib. Sülhməramlıların isə işi bölgəyə erməniləri gətirib, onların yerli sakinlər olan azərbaycanlılarla birgəyaşayışına yardım etməkdir. Belə olan halda silahlı ikitərəf necə meydana çıxıb? Yoxsa Rusiya Qarabağdakı erməni separatçılarını yenidən silahlandırıb?
Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.
Moskva yaxşı anlayır ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır.
Rusiyada müəyyən qüvvələr Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda da təkrarlamağa cəhd edirlər. Bu da Azərbaycanda Kremlin nüfuzuna ciddi ziyan vurur.
Görünür, onlar dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, ancaq Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmirlər. Həmin qüvvələr elə davranır, sanki bu hərbi texnikanı ermənilər deyil, Rusiya hərbçiləri istifadə edirmiş.
Heç şübhəsiz ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı Rusiyada bəzi dairələrin narahatlığına səbəb olub. Ancaq Azərbaycanın öz ərazisini işğalçılardan təmizləməsinə həsr olunan tədbirə qonşu dövlət kimi Rusiya da qatıla bilərdi. Yoxsa Rusiya və başqaları Azərbaycanın torpaqlarını işğaldan azad etməsini istəmir?
Rusiyada bəzi dairələr hələ də anlamır ki, ənənəvi qaydada, başqa ölkələrə qarşı olduğu kimi, Azərbaycandan da ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlərin tətbiqi və bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsi süni şəkildə əngəl yaratmaqdan bir şey deyil. Bunu qısaca olaraq, Rusiyada həmin dairələrin Azərbaycana qarşı yüngül iqtisadi sanksiyası da adlandırmaq mümkündür. Apardığı siyasət səbəbindən sanksiyalara məruz qalan bir ölkənin belə bir addım atması məntiqi görünmür.
Azərbaycan ictimaiyyəti atılan bu addımların nəyə xidmət etdiyini çox yaxşı bilir. Odur ki, belə hallar Azərbaycanda anti-Rusiya meyllərinin daha da güclənməsinə səbəb olur.
Odur ki Rusiya istər Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır. Bu, regionda əməkdaşlığa və təhlükəsizliyin təmin olunmasına çox böyük fayda verər.
Uzun illərdir Rusiya və ermənilərin havadarları Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı təzyiq elementi olaraq istifadə edib. Təəssüf ki həmin qüvvələr bu zaman Azərbaycana qarşı atılan hər addımın acısını Ermənistanının çəkəcəyi kimi adi həqiqəti hələ də anlaya bilmir. 30 ildən artıqdır bu ölkə xaricin yardımı ilə bəslənir. Maraqlıdır, görən onlar Ermənistanın dövlət olmasını istəmirlər? Axı, dünya elə belə qalmayacaq.
Azərbaycanda çox yaxşı bilirlər ki, Serj Sarqsyanı, Robert Köçəryanı, Arakadi Qukasyan, Bako Saakyanı, Araik Arutyunyanı Rusiya yetişdirib, müdafiə edir. Qarabağın işğalında onların rolu da hər kəsə bəllidir.
Bütün bunlara baxmayaraq noyabrın 10-da Azərbaycan ictimaiyyəti Rusiyaya etibar etdi. Bu, zamanın tələbi sayıldı. Belə ehtimal olundu ki, Kreml Azərbaycanla əməkdaşlığı, birgə fəaliyyəti daha faydalı sayır. Ona görə də ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında ədalətli mövqe ortaya qoyacaq. Ancaq son günlər baş verənlər belə ehtimal etməyə əsas verir ki, bütün olanlar son nəticədə Rusiyanın Azərbaycandakı nüfuzuna böyük zərbə vura bilər. Sülhməramlıların öz mandatlarına uyğun fəaliyyət göstərmələri Rusiya-Azərbaycan əməkdaşlığı üçün faydalı olar və üçtərəfli bəyanatın ruhuna, tələblərinə cavab verər.