Daşınmaz əmlakın icbari sığortası müqavilələrini yeniləyin! - ASSOSİASİYA XƏBƏRDARLIQ ETDİ
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.
Bu barədə "ENA"ya qurumdan bildirilib.
Məlumata görə, ASA-nın İcraçı direktoru Elmar Mirsalayev vətəndaşlara və sahibkarlara daşınmaz əmlakın icbari sığortası ilə bağlı müqavilələri yeniləməyi tövsiyyə edib: “Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” qanunla tənzimlənir və məcburi tətbiq edilir. Ötən ilin sonlarında bu sığorta növü ilə bağlı ciddi təbliğat işləri aparıldı və nəticədə əhalinin böyük bir hissəsi daşınmaz əmlakını sığortaladı. Sığorta müqavilələrinin müddətinin 1 il olduğunu nəzərə alsaq, ötən ilin sonunda bağlanmış müqavilələrin müddəti bu günlərdə bitmək üzrədir. ASA olaraq bildiririk ki, müqavilələrin müddəti növbəti dövr üzrə uzadılmalıdır, əks təqdirdə müəyyən məhdudiyyətlərlə üzləşmək mümkündür”.
Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 3,4 milyon manat sığorta ödənişi verilib.