Neft siyasəti: Moskva uğurlu və uğursuz başlanğıclar arasında balansı poza bilər
“OPEC” üzvləri Səudiyyə Ərəbistanı-Rusiya əlaqələrinin möhkəmlənməsindən dolayı narahatlıq keçirir. "The Wall Street Journal" qəzetinin müxbirləri Sammer Səid (Summer Said) və Benua Fakon (Benoit Faucon) yazır ki, “OPEC”-in neftin qiymətini artırmağa çalışması bu narahatlığa səbəb olur.
“OPEC” neftin qiymətini artırmaq üçün hasilat həcmini azaltmağa çalışır. Belə bir vaxtda təşkilatın üzvləri Səudiyyə Ərəbistanı və Rusiya arasında əlaqələrin möhkəmlənməsindən dolayı narahatlıq keçirir.
Nümayəndələrin sözlərinə görə, onların ən böyük əndişəsinə səbəb olan fakt ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı təşkilata daxil olmayan Rusiyanın neftin dünya qiymətinə təsir göstərməsinə icazə verir. “OPEC” rəsmiləri hesab edir ki, Rusiya onları dəstəkləməsə, təşkilatın qiymət artımı məqsədilə hasilat həcmini məhdudlaşdırmaqla bağlı planları təhlükə altına düşə bilər.
Bu arada təşkilatın bir çox üzvü, o cümlədən Venesuela, Əlcəzair, Küveyt və Nigeriya iddia edir ki, bu iki neft ixracatçısı arasında əlaqələrin möhkəmlənməsi fonunda tədricən ikinci plana sıxışdırıldıqlarını hiss edirlər.
Rusiya və Səudiyyə Ərəbistanı arasında ikitərəfli danışıqları nəzərdə tutan “OPEC” rəsmilərindən biri deyib: “Onlar buna son verməlidir. Bu ədalətsizlikdir. Bu qədər ölkənin taleyi bundan asılıdır”.
Moskva-Ər-Riyad münasibətlərinin möhkəmlənməsi Qətərin 57 ildən sonra “OPEC”-i tərk etməklə bağlı qəfil qərarının əsas səbəbidir. Bu barədə əmirlik rəsmilərindən biri xəbər verib.
“OPEC”-ə daxil olmayan hasilatçı ölkələr qrupuna başçılıq edən Rusiya ilə “OPEC”-in siyasətini müəyyənləşdirən Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq ötən il hasilatın kəskin məhdudlaşdırılması vasitəsilə neft qiymətlərində artıma nail olmağa kömək edib.
Dekabrın 1-i Rusiya prezidenti Vladimir Putin neft bazarlarını balanslaşdırmaq məqsədilə Səudiyyə Ərəbistanının vəliəhdi ilə yeni tədbirlərlə bağlı razılığa gəldiyini bəyan edib. Buna baxmayaraq, onlar hasilat həcminin azalması ilə bağlı heç bir detal verməyiblər. Üstəlik, heç bir rus şirkəti hələlik hasilatın məhdudlaşdırılmasına razılıq verməyib.
Rusiya prezidenti və krallığın vəliəhdi Argentinada keçirilən “Böyük iyirmilik” sammiti çərçivəsində görüşüblər. Bu iki ölkənin energetika nazirləri Xalid əl-Falih (Khalid al-Falih) və Aleksandr Novak da zirvə toplantısında görüş keçiriblər.
“OPEC” rəsmilərindən biri deyib ki, şəxsi söhbətlərdə təşkilat üzvlərinin nümayəndələri “[Falih və Novakın] eşq macərasından dolayı artan əndişələrini” dilə gətirirlər. Neft şirkətləri də hasilat həcminin azaldılmasına razılıq verməlidir. Bu isə elə də asan olmayacaq, çünki son bir neçə ildə şirkətlər hasilatın artırılması məqsədilə inkişafa böyük vəsait yatırıblar.
Məmurun sözlərinə görə, “rus şirkətləri Aleksandr Novakla əməkdaşlıq etməkdən imtina etsələr, Xalid əl-Falih isə onların yalanını tutsa”, bu, hasilatın artırılması ilə bağlı krallığın qarşısına qoyduğu tapşırığı çətinləşdirəcək.
Ötən həftə əl-Falih bildirib ki, hasilat həcmini sutkalıq rekord 11,1 milyon barelədək artıran krallıq təkbaşına hasilatı azaltmayacaq.
“OPEC” üzvlərinin dekabrın 5-i hasilatın məhdudlaşdırılması məsələsini müzakirə edəcəyi gözlənilir. Bazarın neftlə dolması oktyabr ayı ilə müqayisədə qiymətin 30% aşağı düşməsinə səbəb olub. Lakin “ən vacib görüş cümə günü baş tutacaq”. Belə ki, dekabrın 7-i “OPEC” Rusiya ilə bir araya gələcək. Kanadanın “RBC” şirkətinin strategi Helima Kroft (Helima Croft) deyir ki, Moskva uğurlu və uğursuz başlanğıclar arasında balansı poza bilər.
İstehsalçıların bəziləri hələ də bu sazişə şübhə ilə yanaşırlar. “Hər hansı sazişin əldə olunacağını düşünmürəm”, - İranın “OPEC”-dəki nümayəndəsi Hüseyn Kazımpur (Hossein Kazempour) dekabrın 4-ü qeyd edib. Əvvəl İran tez-tez “OPEC” sazişlərini tənqid edib, lakin son anda yenə də onlarla razılaşıb.
İki ay ərzində neft üç dəfə dəyər itirdikdən sonra ötən həftə “OPEC” nümayəndələri sutkalıq hasilat həcminin 1,3 milyon barel məhdudlaşdırılmasını məsləhət görüb. Ancaq dekabrın 4-ü əl-Falih və onun BƏƏ-dən olan həmkarı Süheyl əl-Mazrui (Suhail al-Mazroui) hasilat həcminin nə qədər azalacağına dair münasibət bildirməyiblər. Hərçənd onların müşavirləri konkret rəqəmlərin qeyd olunduğu “OPEC”-in təklifini dəstəkləyib.
Rusiya-Səudiyyə Ərəbistanı arasında danışıqları şərh edən bir başqa nümayəndə bildirib ki, “hər şey konkret təşkilat üzvlərinin maraqlarına deyil, siyasətə əsaslanır”. Məmurun sözlərinə görə, hazırda krallıq Moskva ilə daha çox yaxınlıq edir, çünki jurnalist Camal Xaşoqqinin (Jamal Khasshogi) qətlindən sonra yeni alyans yaratmalıdır.
“OPEC” rəsmiləri hesab edir ki, bu cür səhnəarxası alyanslar təşkilatı parçalamağa çalışan prezident Donald Trampa (Donald Trump) sərf edir. “Söhbət Trampın könlünü almaqdan gedir. Əvvəllər bazarın əsas prinsiplərinə riayət edirdik, indi isə az-çox Trampın istədiklərini edirik, - Fars körfəzindən olan nümayəndə qeyd edib. – Səudiyyə Ərəbistanına görə burdayıq. Bu, hamımız üçün son dərəcə xoşagəlməz haldır”.
(c) Xpressa