Müdafiə sənayesində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə olunacaq
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, Türkiyənin Müdafiə, Aviasiya və Kosmik Sənaye Birliyinin (SAHA İstanbul) və Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Təşkilatının (SaSaD) dəstəyi ilə 10 noyabr 2020-ci il tarixində “Müdafiə sənayesinin inkişafında özəl sektorun rolu” mövzusunda beynəlxalq onlayn Forum keçiriləcək.
ENA.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilib.
Tədbirin təşkilində məqsəd Azərbaycan və Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, bu sektora investisiyaların cəlb olunmasının və qabaqcıl texnologiyaların tətbiqi ilə yeni məhsulların yaradılmasının təşviqi, müdafiə sənayesinin modernləşdirilməsi üçün innovativ həllər, KOB klasterlərin yaradılması, müvafiq istiqamətlərdə Türkiyə təcrübəsinin öyrənilməsi və tətbiqi imkanlarının müzakirə olunmasıdır.
Tədbir çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin və təşkilatların təqdimatları nəzərdə tutulur.
Qeyd edək ki, SAHA İstanbul Türkiyənin birinci, Avropanın isə ikinci ən böyük sənaye birliyidir və sıralarında müvafiq sahədə fəaliyyət göstərən 600-ə yaxın üzvü birləşdirir. 1990-cı ildə yaradılmış SaSaD-ın isə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən 200-ə yaxın üzvü var.