Qarabağ

Sərsəng su anbarının azad olunması bölgəyə nə vəd edir?

Ermənistanın torpaqları işğal altında saxlaması bölgənin, xüsusi ilə Azərbaycanın təhlükəsizliyinə, iqtisadiyyatının inkişafına çox böyük mane olub.

İşğal səbəbindən Azərbaycanın əkinçilik üçün yararlı torpaqlarının suvarılmasında su qıtlığı yaranmışdı. Ermənistan işğalçılıq siyasəti nəticəsində bölgədə ətraf mühit də çirklənib.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti, habelə işğal edilmiş ərazilərdə təbii resurslardan vəhşicəsinə istifadə edilməsi, transsərhəd çayların qəsdən çirkləndirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurulub, o cümlədən yüz minlərlə əhali içməli sudan məhrum edilib, işğalçı qüvvə tərəfindən işğal olunmuş ərazilərdə su ehtiyatlarından qəsdən sui-istifadə münbit torpaqların eroziyası, torpaqların susuzlaşması və səhralaşmasına gətirib çıxarmışdı.

Məlumdur ki, Azərbaycan quraqlıq zonasında yerləşir və bu səbəbdən kənd təsərrüfatı 90% dərəcəsində suvarmadan asılıdır. Bu baxımdan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də istisna deyildir. Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərdə strateji əhəmiyyət kəsb edən bir sıra iri iqtisadi obyektlər var. Bu obyektlər sırasında işğal altında qalmış su anbarlarından ən böyüyü olan Sərsəng su anbarıdır.

Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı 1976-cı ildə istifadəyə verilib. Onun ümumi su tutumu 565 milyon m3, bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metrdir. Su anbarı 120 min hektar ərazinin suvarılması üçün layihələndirilmişdir. Su anbarında gücü 50 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası (SES) quraşdırılmışdı. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 78 min hektar əkin sahəsi suvarılırdı.

Sərsəng su anbarının işğalı nəticəsində Tərtər çayı üzərindəki Suqovuşan su elektrik stansiyası, eləcə də Tərtər sağ və sol sahil suvarma magistral kanallarının 80 km-lik hissəsi, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam (onun işğal olunmamış hissəsində) və Goranboy rayonlarının rayonlarında 60 min hektardan çox əraziləri uzun müddətdir ki, su ilə təmin olunmur. Qeyd etmək lazımdır ki, 68,3 km uzunluğunda və mənbəyində 50 m3 tutumu olan Tərtər sağ sahil magistral kanalı tamamilə işğal altındadır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalıb.

Ümumilikdə, 125,8 min hektar suvarılan torpaq ərazilər işğal edilmişdir. Onlardan yalnız 25,3 min hektarı (20%) Dağlıq Qarabağ bölgəsi, digər 100,5 min hektar isə aşağıda sadalanan rayonların payına düşür: Ağdam – 49,5 min hektar, Füzuli – 26,4 min hektar, Cəbrayıl – 12,5 min hektar, Zəngilan – 5,3 min hektar, Qubadlı – 5,3 min hektar, Kəlbəcər – 1,4 min hektar.

BMT Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsinə müvafiq olaraq, ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası yanğınlar nəticəsində vurulmuş ekoloji və iqtisadi ziyan barədə, habelə bu yanğınların insanların sağlamlığına və təhlükəsizliyinə yaratdığı təhdid barədə rəy verib. Eyni zamanda, ATƏT-in missiyası su təminatı və irriqasiya sisteminin bərpası və normal fəaliyyəti məsələlərinə xüsusi diqqət yetirmişdir. Missiya belə nəticəyə gəlmişdir ki, lazımi su təchizatının çatışmazlığı kənd təsərrüfatına ciddi ziyan vurur və artıq meşə massivlərin tamamilə məhv olmasına gətirib çıxarıb.

Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 26 yanvar 2016-cı il tarixli 2085 nömrəli qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib. Sənəddə Sərsəng bəndinin texniki cəhətdən pis vəziyyətdə olması nəticəsində bütün region üçün təbii fəlakət və humanitar böhran kimi ciddi təhlükə yarandığı qeyd olunub.

AŞPA tərəfindən Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad edilməsi və su resurslarından siyasi təsir vasitəsi və ya öz maraqları üçün təzyiq göstərilməsi üçün istifadə olunmasına son qoyulmasını tələb edilmişdi.

Sərsəng su anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunur. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali isə daim təhlükə altındadır.

Bundan əlavə, su anbarının işğalından sonra ermənilər illik su sərfinin 85-90%-ni su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Su sərfinin daha çox tələb olunduğu yay aylarında isə illik su normasının 10-15%-ni buraxılır. Bunun nəticəsində suyun səviyyəsinin aşağı düşür və əkin sahələrinin suvarması qeyri-mümkün olur. Bunun nəticəsində, kənd təsərrüfatına xeyli ziyan dəyir, yaşıllıqlar susuzluq səbəbindən məhv olur, bölgədə ciddi ekoloji gərginlik yaranır.

Sentyabrın 27-dən başlayan əks hücum nəticəsində Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılıb.

Sərsəng-Tərtər hidroelektrik kompleksinin normal qaydada işləməsi, ən azı Tərtər sağ sahil magistral və ikinci dərəcəli kanallarının keçdiyi ərazilərin tam şəkildə işğaldan azad edilməsi və minalardan təmizlənməsi tələb olunur. Kompleksə lazımi texniki xidmətin göstərilmədiyi, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, kompleksin texniki vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var.

Sərsəng-Tərtər hidroelektrik kompleksinin bərpası və istifadəyə verilməsi Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının təxminən 60 min hektar ərazini su ilə təmin edəcək, yanğına qarşı mübarizəni asanlaşdıracaq.

Son illər ərzində ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilmiş, o cümlədən Şəmkirçay və Taxtakörpü su anbarlarının tikilmiş, rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatı sahəsində işlər görülür. İşğaldan azad edilən ərazilərin bərpası üçün Azərbaycan lazımi təcrübəyə və iqtisadi potensiala malikdir.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bu kimi problemlərində arandan qalxmasına, iqtisadiyyatın inkişafına, regional əməkdaşlığın genişlənməsinə təkan verəcək. Habelə bölgənin ekoloji vəziyyətinə nəzarət etmək asanlaşacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)