Sənaye

Azərbaycanın satdığı bütün qızılı İsveçrə alıb

Azərbaycan 2020-ci ilin yanvar-avqust aylarında dünya bazarlarına 5 min 87,28 ton qızıl və gümüş ixrac edib. Hesabat dövründə ixrac olunmuş qiymətli metalların dəyəri 125 milyon 904,53 min dollar təşkil edib.

Azərbaycan qızılının bütün həcmdə alıcısı İsveçrə olub.

İxracın strukturunda qızılın payı 2 min 756,09 kq, dəyəri 124 milyon 428,56 min dollar, gümüşün payı 2 min 331,19 kq dəyəri 1 milyon 475,97 min dollar təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2 min 364,6 kq qızıl hasil edilib, bu 1,7% azdır. Gümüş hasilatı isə 2 min 847 kq olub və artım 15,7%-dir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan 172 milyon 435,3 min dollar dəyərində 4 min 802,44 kq qızıl, 1 milyon 673,61 min dollar dəyərində 3 min 151,97 kq gümüş ixrac edib.

Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş hasilatı 1997-ci ildə imzalanmış "Production Sharing Agreement" müqaviləsi çərçivəsində həyata keçirilir. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.

İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. Bundan başqa, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)