"Sübut olunsa ki, bankın müflisləşməsində sahiblərinin birbaşa günahı var, bütün aktivləri əlllərindən alına bilər"
Azərbaycanda bağlanan banklarla bağlılığı olan, başqa sözlə eyni “çətir” altında işləmiş sığorta şirkətləri bir-birinin ardınca fəaliyyətini dayandırır. Son aylarda lisenziyası geri alınan “Standard İnsurance” artıq ləğvetmədədir, “RəvanSığorta” (NBC Bank-la eyni holdinqə məxsusdur) və “Amrah Sığorta”nı (səhmdarları eyni şəxslərdir) da eyni aqibət gözləyə bilər.
ENA.az xəbər verir ki, sistemin sağlamlaşdırılması çərçivəsində bir çətirdə birləşən sığorta şirkətlərinin fəaliyyətinin yoxlanması labüddür. Çünki eyni səhmdarlara məxsus olan banklarda yaranan problemlər mütləq arxasınca sığorta şirkətlərini də sona sürükləyir.
Maraqlıdır ki, həmin sığorta şirkətlərinin aktivləri bağlanan bankların borclarının ödənilməsində istifadə oluna bilərmi? Bunun hüquqi tərəflərilə bağlı ENA.az-ın sualları hüquqşünas Əkrəm Həsənov cavablandırır.
Əkrəm müəllim, əgər bağlanan bankın sığorta şirkətində və ya başqa bir şirkətdə payı varsa, onun borclarının ödənilməsi üçün həmin şirkətlər satışa çıxarılmalıdırmı?
Mütləq. Əgər bank fəaliyyətini dayandırıbsa, onun aktivində olan pul, daşınar, daşınmaz əmlak – torpaq, bina, avtomobil, mebel, cihazlasr, o cümlədən şirkətlər satışa çıxarılmalıdır. Əgər ləğvetmədə olan bank, bu və ya başqa şirkətdə tam və ya qismən paya malikdirsə, istənilən halda paylar satılmalıdır. Əldə edilən pul da bankın kreditorlarının tələblərinin ödənilməsinə yönəldilməlidir. Məndə məlumat yoxdur ki, hansısa bankın özünün birbaşa sığorta şirkəti var, yoxsa yox. Adəti üzrə bilirəm ki, sığorta şirkətləri ilə banklar eyni çətir altındadır. Yəni eyni holdinqdədirlər və eyni şirkətlərə məxsusdurlar.
Siz ləğvetmədə olan “Bank Standard”da Kreditorlar Komitəsinin sədrisiniz. “Standard İnsurance” barədə nə deyə bilərsiniz?
“Standard İnsurance” rəsmi şəkildə “Bank Standard”ın deyil, onlar sadəcə eyni çətir altında idi və sığortanın özünün bankda pulları qalmışdı. Pulunu ala bilmədi və bu onun fəaliyyətində çətinliklər yaratdı.
Bağlanan banklarla eyni loqoya sahib olan sığorta şirkətlərinin eyni imicdə fəaliyyətlərini davam etdirmələri ictimaiyyətdə sual yaradır. Məsələn Azərbaycan Beynəlxalq Bankın təhlükəli vəziyyətini nəzərə alaraq ilk növbədə Azərbaycan Beynəlxalq Sığorta Şirkətinin fəaliyyətini dayandırdı. Bu tip misalları görən azərbaycanlılar analoji münasibəti Atasığortaya da bəsləyirlər. Hərçənd artıq bir neçə ildir ki, onların səhmdarları dəyişib.
Ümumən məsələ belədir ki, hətta eyni çətir altında fəaliyyət göstərən şirkətlərin də maliyyə durumu fərqlənə bilər. Azərbaycanda dövlət şirkətləri var, sahibləri eynidir, yəni dövlətdir, amma hamısında maliyyə vəziyyəti oxşar deyil. Prezident də çıxışında bildirdi ki, çoxunda vəziyyət pisdir, bir neçəsində isə qismən yaxşıdır. Eynilə, özəl holdinqlərdə də bu baş verə bilər. Amma əgər sübut olunsa ki, bankın müflisləşməsində onun sahiblərinin birbaşa günahı var, bu halda onların sığorta şirkətləri və ya digər şirkətləri aktivlər kimi onların əlindən alına bilər. Dediyim kimi əgər sübut olunsa ki günahı var...
Necə ola bilər ki günahı olmasın?
Ola bilər. Tutaq ki, səhmdarlar sübut edirlər ki, bankın o günə qoyulmasının günahkarı onların təyin etdiyi İdarə Heyəti, menecmenti olub. İdarə heyətini bu halda məsuliyyətə cəlb edirlər, ancaq bunun eyni səhmdara məxsus sığorta şirkətinə təsiri olmur. Amma yox, əgər sübut olunsa ki, bankın İdarə Heyəti bu qanunsuzluqları elə səhmdarların tapşırığı ilə ediblər ki, adətən belə olur, bu halda onlar bütün aktivləri ilə cavabdehdirlər.
“Amrah Sığorta” şirkəti son illər gəlirlə işləməyə başlamışdı. Amrahbank bağlandı və eyni səhmdarlar, yəni İldırımzadələr sığortanın qalıb-qalmayacağına qərar verəcəklər. Ola bilərmi ki, sığorta şirkəti fəaliyyətini dayandırmasın və onun gəlirləri bankın kreditorlara olan borclarının ödənilməsinə yönəldilsin?
Bu mümkün deyil. Qanuna görə mütləq satılmalıdır. Əgər həmin sığorta şirkəti gəlirlə işləyirsə, onu almaq istəyən olacaq. Elə digər bir sığorta şirkəti onun müştəri bazasını ala bilər. Bank özü iflas prosesindədirsə, deməli 2-3 ilə ləğv olunacaq. Bu halda, 2-3 ildən sonra kimdir, həmin sığorta şirkətini alan? Ona görə də indi satılmalıdır.
P.S. ENA.az bu mövzunun davamı olaraq “hər yaxşı bankın gərək bir sığorta şirkəti olsun” mövzusunda tanınmış ekspertlərdən biri ilə maraqlı müsahibəni oxucularına təqdim edəcək.