ABŞ Rusiyanın məşhur "Aşpaz"ına məxsus 6 şirkətə sanksiya qoydu
ABŞ rəhbərliyi, Rusiya prezidenti Vladimir Putinə yaxın iş adamı Yevgeni Priqojinin rəhbərlik etdiyi şirkətlərə sanksiya tətbiq etdi.
ABŞ Maliyyə Nazirliyi sanksiya qərarı ilə əlaqədar yazılı açıqlama yayıb.
Açıqlamada Priqojinə məxsus bəzi şirkətlərin kəşfiyyat xidmətləri ilə əlaqəli olduqları bildirilib.
Türkiyə mətbuatının məlumatına görə, Kremlin yemək işlərini idarə etdiyi üçün "Aşpaz" ləqəbilə tanınan Yevgeniy Priqojinə bağlı bəzi şəxslərin adları da sanksiya siyahısına əlavə olunub.
"Yevgeni Priqojin mənfi siyasi və iqtisadi təsirini dünyaya yaymaq üçün beynəlxalq bir tərəfdar şəbəkəsinə sahibdir. ABŞ Priqojinin qlobal bir əməliyyat keçirmə qabiliyyətini hədəf almağa davam edəcək", deyə sənəddə şərh edilib.
6 şirkətə və onların rəhbərlərinə qarşı sanksiyalar
Buna görə qiymətli metal və almaz sektorunda olan Rusiyaya məxsus MFinans, CAR mərkəzli Lobaye Yatırım, St.Peterburq mərkəzli Okeanos, Finlandiya mərkəzli logistika və investisiya şirkətləri - Optima Freight OY, Unicum Trade OY və ACEX OY sanksiyaya məruz qaldı.
Bundan əlavə, sözügedən şirkətlərin bütün menecerlərinin də sanksiya siyahısına əlavə edildiyi və bu adların Priqojin ilə birbaşa əlaqəsi olduğu bildirilib.
Açıqlamada, həmçinin Yevgeni Priqojinin Ukrayna, Suriya, Sudan, Liviya və Mozambik kimi ölkələrdə əməliyyatlar aparan və əvvəllər ABŞ tərəfindən sanksiya siyahısına daxil edilmiş Rusiyanın muzdlu döyüşçülər şirkəti "Wagner"in rəhbəri və maliyyəçisi olduğu qeyd edilib.