Birja

“AzerGold” dollarla, illik 4% gəlirliliyə malik istiqraz buraxır

Azərbaycanın qeyri-neft sektorunun ən böyük ixracatçılarından olan “AzerGold” QSC ilk dəfə olaraq dövriyyəyə istiqrazlar buraxacaq. Cəmiyyət tərəfindən dağ-mədən sektorunun stabil inkişafı və dünya bazarlarında qızıl və gümüşün qiymətinin kəskin artımı fonunda yeni istiqrazların tədavülünə hazırlıq görülür.

QSC-dən verilən məlumata görə, geniş xalq kütləsinin əldə edə biləcəyi “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi isə 4% təşkil edir. İstiqrazların tədavül müddətinin 3 il olması, istiqraz sahiblərinə faiz dərəcələrinin isə 3 aydan bir ödənilməsi planlaşdırılır. Emissiyanın ümumi həcmi 20 milyon ABŞ dolları təşkil etməsi gözlənilir. İstiqrazların satışı kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək.

"Maliyyə bazarına təklif edilən istiqrazlar daim inkişaf edən qiymətli metalların hasilatı sahəsinin və qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi və yeni layihələrin icrasına yönəldilməsi ilə eyni zamanda ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olmağa əlverişli fürsət yaradacaq", -məlumatda deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)