DTX əməliyyat keçirdi - VIDEO
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiyadan gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Emil Kamran oğlu, Hüseynov Şahin Mirhüseyn oğlu, Babayev Asif Siyafəddin oğlu, Hüseynov Rəşad Şahin oğlu, Musayev Vasif Zülfüqar oğlu, Əliyev Emil Xandadaş oğlu və Namazov Zaur Namaz oğlunun qanunsuz əməllərinin qarşısı alınıb.
Məlumata görə, cinayət başında ifşa olunmuş adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda adları qeyd olunan şəxslərlə bağlı cinayət təqibi davam etdirilir.