Koronavirusa yoluxmanı təyin edən “smart” maska hazırlanıb
Sinqapurun Nanyanq Milli Universiteti və Material Tədqiqatları və Mühəndislik İnstitutunun əməkdaşları COVID-19-u xatırladan əlamətləri ayırd edə bilən, hər hansı üz maskasına asanlıqla taxıla bilən vahid sistem hazırlayıblar.
ENA.az “The Strait Times”a istinadən xəbər verir ki, həmin sistemdəki sensorlar vasitəsilə dərinin hərarəti, qanda oksigen miqdarı, ürək döyüntüsü tezliyi təyin edilir. Tədqiqat qrupunun üzvlərindən professor Lohun dediyinə görə adıçəkilən məlumatlar hər 30 dəqiqədən bir monitora ötürülür.
Nanyanq Universitetinin professoru Çen Siandonq sistemin ən son versiyasında üç sensoru yumşaq və suya davamlı polimerdən hazırlanan bir çipdə birləşdirdiklərini və hazırda sınaqdan keçirdiklərini, məlumatların "Bluetooth" vasitəsilə real vaxtda smartfona ötürülə biləcəyini diqqətə çatdırıb.
Hazırda 50 ABŞ dollarına yaxın olan yeni sistemin kütləvi istehsal olunacağı təqdirdə 20 dollardan ucuz satılacağı da qeyd olunub.