Beynəlxalq brokerlər "Bakı Fond Birjası"na məsafədən üzv ola biləcək
"Qiymətli kağızlar bazarı haqqında" yeni qanun beynəlxalq brokerlərə "Bakı Fond Birjası" QSC-yə məsafədən üzv olmağa imkan verəcək.
ENA.az xəbər verir ki, bunu Birjanın İdarə Heyətinin sədri Ruslan Xəlilov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
"İnfrastruktur qurmaqdan danışarkən, əlbəttə ki, birinci strateji dövrdəki təşəbbüslərimizdən, məsələn, müxtəlif şirkətlərlə görüşlərimizdən danışa bilərəm. Birja olaraq, Listinq Məsləhətçisi Proqramı çərçivəsində son üç ildə Azərbaycanda 80-dən çox şirkətlə görüşmüşük, onları məlumatlandırmışıq və bazara gəlmək üçün imkanları izah etmişik. Hətta bəziləri üçün tədqiqatlar da aparmışıq, birja funksiyamızdan kənara çıxaraq, onlara ödənişsiz əsaslarla məsləhət verən investisiya bankı kimi çıxış etmişik. Lakin fundamental yanaşma bu olmamalıdır. Əsas məsələ infrastrukturu qurmaqdır. Azərbaycan Mərkəzi Bankı "Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun hazırlanmasında böyük iş görür. Bu qanun investisiya məhsullarının çeşidləndirilməsi, o cümlədən səhm kateqoriyaları, törəmə alətlər və ticarət qaydaları ilə bağlı indiyə qədər həll olunmamış bəzi çağırışlara cavab verəcək. Xüsusilə bizə aid olan məsələlərdən biri beynəlxalq brokerlərin ölkədə filial və ya nümayəndəlik açmadan, birbaşa texnoloji və depozitar bağlantılar vasitəsilə Birjanın platformasında ticarət edə bilməsi üçün uzaqdan üzvlük imkanının yaradılmasıdır", - deyə o qeyd edib.


















