DB “Doing Business” hesabatlarında Azərbaycan üzrə məlumatların 2 il ərzində təhrif edilməsini yoxlayacaq
Dünya Bankı (DB) 2018 və 2020-ci illəri əhatə edən hesabatlarda bir sıra ölkələr üzrə məlumatların düzgün dəyişdirilməməsi şübhəsi ilə əlaqədar “Doing Business” icmallarının nəşrinin müvəqqəti olaraq dayandırılması ilə bağlı məlumat yayıb.
"Bu dəyişikliklər "Doing Business" metodikasına uyğun gəlməyib", - deyə məlumatda bildirilir.
Bank məlumatlarda bu dəyişikliklərin təhlili üzrə sistemli iş aparacaq, məlumatların toplanması və onlara nəzarət prosesini yoxlayacaq. Bu təhlilin aparıldığı müddət ərzində bank hesabatların dərc edilməsini dayandıracaq”, - deyə məlumatda qeyd olunur.
"Wall Street Journal”ın məlumatına görə, əvvəlki hesabatlarda dörd ölkə - Azərbaycan, Çin, BƏƏ və Səudiyyə Ərəbistanı üzrə məlumatların düzgün dəyişdirilməməsi ehtimal olunur.
“Doing Business” artıq 17 ildir dərc olunur və dünya ölkələrində biznesin aparılması şərtlərini qiymətləndirir.
Daha əvvəl bank hesabat məlumatlarının siyasi məqsədlərlə manipulyasiyaya məruz qalmadığına əmin olmaq üçün reytinqin xarici auditini aparmışdı. Bir neçə il əvvəl Çin “Doing Business” reytinqinin metodologiyasını tənqid etmişdi.
Tədqiqatın müəllifləri 190 ölkəni sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı 10 meyar üzrə sıralayırlar: yeni biznesin yaradılması üçün vaxt sərfi və maliyyə xərcləri, tikintiyə icazələrin alınması, elektrik enerjisi infrastrukturuna çıxış, mülkiyyət hüquqlarının qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması, vergi ödənişi, beynəlxalq ticarətin həyata keçirilməsi, müqavilələrin icrasının təmin edilməsi, müflisləşmə prosedurları.*