Sosial iqtisadiyyat

“Yoluxanların sayı bir həftə də azalsa, yəqin, məktəblər açılacaq”

Pandemiya dövündə bütün dünyada, o cümlədən də Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətini dayandırması uşaqların istər savadlılıq, istərsə də mənəvi durumuna mənfi təsir göstərib. Artıq koronavirus pandemiyası ilə uğurlu mübarizə aparan və yoluxmanı lokallaşdırmağa müvəffəq olan bir çox ölkələr məktəb və uşaq bağçalarının fəaliyyətini bərpa etməyə başlayıblar. Təxminən bir aya yaxındır ki, Azərbaycanda da koronavirusa yoluxanların statistikasında azalma müşahidə olunur. Bu isə öz növbəsində təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaradır. Avqustun əvvəllində Təhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və Təhsil Komitəsində təmsil olunan deputatların iştirakı ilə keçirilən müzakirələr də bunu deməyə əsas verir. 

Hələ ki, yeni tədris ili ilə bağlı rəsmi məlumat olmasa da, Təhsil İnstitutunun hazırladığı təkliflər geniş müzakirəyə səbəb oldu. Təkliflərdə əsas məqam tədrisin ənənəvi və ya distant formada aparılması ilə bağlıdır. Yəni tədrisin təşkili müxtəlif təhsil pillələrinin xüsusiyyətləri və təhsil müəssisələrinin fəaliyyətinin epidemioloji vəziyyətə mümkün təsirləri nəzərə alınmaqla həyata keçirilə bilər.

ENA.az xəbər verir ki, yeni tədris ilinə bir aydan da az vaxt qalmasını nəzərə alaraq “Qafqazinfo” mövzu ilə bağlı millət vəkilləri və təhsil ekspertlərinin fikirlərini öyrənib. 

Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev açıqlamasında bildirib ki, mütəmadi olaraq virusun dinamikası ilə bağlı məlumat alınır. Dünyanın inkişaf etmiş ölkələrində bu dinamikaya uyğun olaraq təhsilin ənənəvi və ya distant formada davam etməsi ətrafında müzakirələr gedir:

“Bir çox ölkələrdə təhsilin tam ənənəvi formada başlanması ilə bağlı razılaşmalar var. Əsasən yuxarı - 9-11-ci siniflərdə epidemioloji vəziyyətdən asılı olaraq – şagird sıxlığı ilə bağlı məsafə saxlamaq, şagirdlərin sağlamlığını qorumaq, gigiyena qaydalarına riayət etmək prinsipləri önə çəkilir. Belə olan hallarda 80 faiz 9-11-ci siniflərdə təhsilin ənənəvi forması nəzərdə tutulur. Bu tələblərə hazır olmayan məktəblərdə isə 40-60 faiz distant təhsil nəzərdə tutulur. Vaxt çox azdır, artıq bu həftə və gələn həftə virusun dinamikasını təhlil edərək qərar qəbul etməliyik”. 

Millət vəkili qeyd edib ki, gələn həftənin dinamikası qərarların qəbulu üçün çox önəmli olacaq. Məktəblər pandemiyanın tələblərinə uyğun hansı formada tədrisə hazırdırlarsa, onu da tətbiq etmək lazımdır. Yəni hazır olan məktəblərdə ənənəvi formada keçirilən tədrisin həcmini artırmaq lazımdır. Məktəb hazır deyilsə, onlayn təhsili davam etdirmək olar.
“Bakı məktəblərində 60 faizə yaxın ənənəvi tədrisi təşkil etmək olar”

E. Əliyev vurğulayıb ki, həm Azərbaycanda, həm də dünyada əsas prinsip bağça, məktəb və ali məktəblərdə şagirdlərin sağlamlığını qorumaqdır. 

Koronavirusun yayılma səviyyəsinə görə narıncı zonaya aid edilən Bakı şəhərinə gəlincə isə, E. Əliyev bildirib ki, paytaxtda ibtidai təhsil pilləsində ənənəvi təhsili həyata keçirmək mümkündür. Orta təhsil pilləsində, 5-9-cu siniflərdə məktəbərin şagirdləri virusdan mühafizə etməsindən asılı olaraq, ənənvi təhsillə birgə distant təhsil həyata keçirilə bilər. Çünki məktəblər arasında həm şagird sıxlığı, həm gigiyena qaydalarına əməl olunması nöqteyi nəzərindən xeyli fərqlər var. Sıxlığa uyğun olaraq məsafə saxlamaq, məsafəni qorumaq lazım gəlir. Hesab edirəm, Bakı məktəblərində 60 faizə yaxın ənənəvi tədrisi təşkil etmək mümkündür”.

Millət vəkilinin fikrincə, regionlarda tədrisə gəlincə, bu da müzakirə olunmalı, regionda virusun yayılma dərəcəsi nəzərə alınmalıdır. Birdən-birə tam şəkildə distant və ya tam şəkildə ənənəvi tədrisə keçmək mümkün deyil. 

Təhsilin hansı formatda təşkilindən asılı olmayaraq, deputat 2 prinsipin əsas götürülməli olduğunu deyir: “Birincisi, elmi və tibbi cəhətdən əsaslandırılmış tövsiyələrin olması, ikincisi, sağlamlığın qorunması üçün əlavə tədbirlərin həyata keçirilməsi, yəni sanitar-gigiyenik norma və qaydalara əməl edilməsidir".

 “Koronavirus dönəmində təhsil verməyi bacarmalıyıq” 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, təhsil eksperti Şahlar Əsgərov isə cəmiyyətdən məktəblərin açılması ilə bağlı çox böyük tələblər gəldiyini deyib:

“Bu haqlı tələbdir, amma Nazirlər Kabineti yanında Operativ Qərargah da ölçüb biçir. Əgər yoluxanların sayı bir həftə ərzində azalsa, yəqin ki, məktəblər açılacaq. Əgər bir gün azalıb o biri gün çoxalarsa, hökumət üçün qərar qəbul etmək çətinləşir. Təhsil Nazirliyi yanında İctimai şuranın bütün üzvlərinin fikri budur ki, biz koronavirus dönəmində təhsil verməyi bacarmalıyıq. Çünki heç kim bilmir ki, virus nə qədər davam edəcək, balalarımız, uşaqlarımız təhsilsiz qala bilməz”.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)