Prezident “İcra məmurları haqqında” qanunda dəyişikliyi təsdiqlədi
Prezident İlham Əliyev “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
ENA.az xəbər verir ki, Qanuna əsasən, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:
12-ci maddənin dördüncü-altıncı hissələri müvafiq olaraq beşinci-yeddinci hissələr hesab olunur və həmin maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:
“Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.
Həmçinin, 13-cü maddənin birinci hissəsinin birinci cümləsində “büdcəsi,” sözü “büdcəsi və icra xidməti” sözləri ilə əvəz edilir, ikinci cümləsinə isə “büdcəsi” sözündən sonra “və bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsait” sözləri əlavə edilir.