ENA+

Lukaşenkodan Rusiyaya xəbərdarlıq: Vladivostoka qədər yanarsınız!

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün xalqa və Milli Məclisə illik müraciətlə çıxış edib. (Milli Məclis iki palatadan – Nümayəndələr Palatası və Respublika Şurasından ibarət ali qanunverici orqandır.)

A.Lukaşenko çıxışında son günlər ölkədə baş verən hadisələrə, qarşıdakı seçkilərə, Rusiya ilə münasibətlərə toxunub və Moskvaya həm dostyana, həm də sərt mesajlar ünvanlayıb.

Lukaşenko ölkəsini Avrasiyada yeganə sakit yer adlandırıb və Rusiyanın Belarusu itirməkdən qorxduğunu deyib:

“Rusiya bizi itirməkdən qorxur, çünki onun həqiqi mənada yaxın müttəfiqləri qalmayıb və Qərb Belarusa maraq göstərməyə başlayıb. Bizim hər kəsə cavabımız məlumdur: Belarus heç kimlə başqasına qarşı dostluq etmir. Biz çoxvektorlu, proqnozlaşdırıla bilən, ardıcıl xarici siyasətin tərəfdarıyıq. Rusiya bizim yaxın müttəfiqimiz olub və olacaq – hakimiyyətdə kim olmasından asılı olmayaraq. Bu, xalqlarımızın ruhunda olan bir məsələdir, baxmayaraq ki, Rusiya bizimlə qardaşlıq münasibətlərini trərəfdaşlıq münasibətləri ilə əvəzləyib. Nahaq!”

Bu isti sözlərdən sonra Belarus rəhbəri xəbərdarlığa keçib və bəyan edib ki, Belarusda destabilizasiya baş verərsə, Vladivostoka qədər, hər kəs üçün ağır olacaq. Belarusa qarşı milyardlarla resurs və yeni texnologiyaların işə salındığını vurğulayan dövlət başçısı onu dinləyən (Rusiyada) hər kəsdən xahiş edib ki, vəziyyəti qarışdırmasınlar:

“Belaruslar, ukraynalılar, ruslar, polyaklar, yəhudilər hər zaman burada sülh içində yaşayıb. Bura “nüvə silahı” atmayın, partlayış törətməyin, çünki elə bir yanğın başlayar ki, Vladivostoka qədər, hər kəsə ağır olar”. (Vladivostok Rusiyanın cənub-şərq ucqarıdır.)

Belarus prezidenti Rusiyanın “Vaqner” özəl hərb şirkətinin döyüşçülərinin məqsədyönlü şəkildə ölkəyə göndərildiklərini söyləyib:

“Onların guya tranzitlə Belarus üzərindən başqa ölkələrə gedəcəkləri barədə iddialar yalandır. İstanbul, Venesuela, Afrika, Liviya haqda söhbətlər hamısı yalandır. İstanbul biletləri əsl niyyəti gizlətmək üçün istifadə olunub. Bu insanlar artıq ifadə veriblər. Onlar məqsədyönlü şəkildə bura göndərilib və komanda alıblar ki, gözləyin. Onlar ifadələrində hər şeyi danışdılar”.

 

“Sizə 90-cı illər lazımdır?!”

Lukaşenko çıxışında avqustun 9-da keçiriləcək prezident seçkilərindən danışaraq xalqı 90-cı illərlə qorxudub:

“Sizə 90-cı illər lazımdır? Bunu istəyirsiniz? Ona görə ki, ölkəni sektorlara bölsünlər? Nə qədər ki, mən sağam, bu, olmayacaq! Belarus inqilab və dağıntılar limitini ötən əsrdə doldurub. Mən müqəddəs deyiləm, lakin siz məni tanıyırsınız. Bilirsiniz ki, sizin həyatınız mənim üçün müqəddəsdir. Qalan şeyləri unudun. Sabah naməlum adam gəlib, hansı siyasəti aparacaq? Belaruslar, sizin səhv etməyə haqqınız yoxdur!”

Müxalifətə üzünü tutan dövlət başçısı son həftələrdə məşhurlaşan 3 xanımı (prezidentliyə namizəd Svetlana Tixanovskaya, seçkiyə buraxılmayan namizədlər – Viktor Babarikonun seçki qərargahının rəhbəri Mariya Kolesnikova və Valeri Tsepkalonun həyat yoldaşı Veronika Tsepkalo) “zavallı qızlar” adılandırıb:

“Siz nə edirsiz? Üç zavallı qadın tapmısız. Onlar oxuduqlarını başa düşmürlər. Siz onlara nə yazırsınız? Siyasətçiləri, iqtisadçıları, narkoman və cinayətkarları həbsdən buraxıb, azad seçki keçirib, yaşayacağıq. Axı onlar nə dediklərini başa düşmürlər?!”

Hərbi təlim və toplanış elan olundu

Bu gün Belarus Silahlı Qüvvələrinin operativ-taktiki təlimlərinin ilk mərhələsi başlayıb. Ayın 7-nə qədər davam edəcək təlimlər çərçivəsində döyüş və təlim təyyarələri Minsk-Brest şose yoluna endiriləcək. Bu zaman onları havadan və yerdən helikopterlər və raket kompleksləri müdafiə edəcək.

“Miq-29, Su-25, Yak-130, L-39 təyyarələrinin Minsk-Brest şose yolunun qabaqcadan hazırlanmış sahəsinə enişi sınaqdan keçiriləcək”, – deyə Belarus Müdafiə Nazirliyndən bildirilib. Sonra təyyarələr poliqona gedərək yerdəki hədəflərə zərbələr endirəcəklər. Uçuş rayonunu Su-30 döyüş təyyarələri və Tor-M2 zenit-raket kompleksləri “bağlayacaq”. Mi-24 və Mi-8 helikopterləri yolu “qanunsuz silahlı birləşmələr və kəşfiyyat-diversiya qrupları”ndan qoruyacaq.

Seçkidən bir gün sonra isə ehtiyatda olan hərbçilərin toplanışı elan olunacaq. Toplanış avqustun 11-də Vitebsk vilayətində başlayacaq. Müdafiə Nazirliyindən bildirilib ki, toplanış əvvəlcədən planlaşdırılıb. Vitebsk vilayəti Rusiya, eləcə də Litva və Latviya ilə həmsərhəddir.

Nə baş verir? 

Görünən budur ki, Lukaşenko seçkilərə 5 gün qalmış gərginliyin dərəcəsini yüksəltməyə çalışır. Rusiyadakı bəzi dairələrin ünvanına “Vladivostoka qədər yanarsınız” xəbərdarlığı, hərbi təlimlər və hərbi toplanış elan olunması, şübhə yoxdur ki, “Batka”nın siyasi məqsədlərinə xidmət edir. O, ökədə fövqəladə hadisələrin baş verdiyi və Belarusun təhlükə qarşısında olduğu barədə rəy formalaşdıraraq xalqın gözündə öz dəyərini artırmağa cəhd edir. İnsan psixologiyası elədir ki, bu tip durumlarda təhlükəsizliyin və mövcud sabitliyin qorunması zərurəti radikal siyasi dəyişikliklər arzusunu üstələyir. Ölkə təhlükə qarşısındadırsa, öncə bu təhlükəni dəf etmək lazımdır. Lukaşenko bütün avtoritar liderlərin söykəndiyi fikri (“mən getsəm, ölkə dağılar”) dilə gətirməklə ölkədə sabitliyin yeganə qarantının özü olduğunu şüurlara yeritmək istəyir.

Xalq Lukaşenkoya inanacaqmı?

Bu suala birmənalı cavab vermək çətindir. Çünki buna oxşar hallar Belarusda bundan əvvəlki seçkilərdən öncə də baş verib. Sərhəddə soyuq və odlu silahlar tapılıb, kimlərinsə ölkədə qarışıqlıq yaratmaq, çevriliş etmək cəhdlərindən danışılıb, bu barədə teleşoular düzəldilib. Amma ilk dəfədir ki, bu cür məsələdə konkret ölkənin adı çəkilir, özü də Rusiya kimi qardaş və müttəfiq, amma eyni zamanda, dost və qonşu Ukraynada müharibə aparan dövlətin. Bunu hər iki hökumət (Moskva və Minsk) tərəfindən təşkil olunmuş tamaşa adlandırlanlar da var, məsələn, rusiyalı müxalifətçi Aleksey Navalnı belə düşünür. Amma başa düşmək çətindir ki, Rusiya özünün çoxlu sayda vətəndaşının başqa ölkədə terror ittihamı ilə tutulmasına niyə razı olsun? Axı, bu fakt Rusiyanın nüfuzuna, hətta prezident Putinin şəxsi reputasiyasına zərbədir. Postsovet məkanı başda olmaqla, dünyada hər kəs bu hadisələri izləyir və nəticə çıxarır. Rusiyanın başqa ölkələri qarışdırmağa davam etdiyi barədə rəy yarada biləcək bir tamaşa Moskvanın nəyinə lazım? Məgər Lukaşenkoya dəstək vermək üçün başqa yol tapmaq mümkün deyildimi? Bütün vasitələr tükəndi, ən sonda “vaqnerçilər”in yaxalanması barədə şou düzəltmək ideyası ağıla gəldi? İnandırıcı görünmür.

Bəs, “vaqnerçilər”in Belarusda nə işi var? Kreml Lukaşenkonu devirmək istəyir?

Ötən ilin sonlarında “Batka” Putinin birləşmə təklifini rədd etdikdən bəri münasibətlərdə soyuqluq müşahidə olunur, lakin Rusiyanın inqilab, çevriliş kimi radikal metodlarla Belarusda iqtidar dəyişikliyinə getmək istədiyini iddia etməyə əsasımız yoxdur. Moskva sadəcə, Belarusda xaosun yatranmasında və bəlkə də proseslərin müəyyən müddət Lukaşenkonun nəzarətindən çıxmasında maraqlı ola bilər. Rusiya xüsusi xidmət orqanları elə bir vəziyyətin yaranmasına çalışa bilərlər ki, Lukaşenkonun Rusiyadan kömək istəməkdən başqa çarəsi qalmasın. Belarus daxilində kütləvi etirazların başlaması, qarşıdurmanın yaranması və Lukaşenkonun etirazları sərt şəkildə yatırıb, repressiyalara əl atması da Rusiyanın maraqlarına cavab verərdi. Bu halda Belarus və Qərb arasında son aylar qurulmaqda olan kövrək körpülər yenidən dağılacaq və Lukaşenkonun yenidən Moskvaya üz tutmaqdan başqa alternativi qalmayacaq.

Müəllif: Şahin Cəfərli , Pressklub

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)