Türkmənistanda Azərbaycan istehsalı olan seysmostansiyalar yerləşdiriləcək
Türkmənistanda akustik səs-küyün təhlili ilə zəlzələnin baş vermə ehtimalını proqnozlaşdıra bilən və Azərbaycan istehsalı olan RNM ASP seysmik stansiyalarının yerləşdirilməsi planlaşdırılır.
Bu barədə “ENA” Türkmənistan KİV-inə istinadən xəbər verir.
RNM ASP stansiyaları zəlzələ ehtimalını proqnozlaşdırmaq üçün tutulan seysmoakustik səs-küyü təhlil edir. Azərbaycanlı alimlər bu ixtira barədə xüsusi olaraq hazırlanmış təqdimatda məlumat veriblər. RNM ASP - zəlzələlərin erkən aşkarlanmasını və gözlənilməsini təmin edən innovativ ixtiradır. Onların işi ən son səs-küy texnologiyasına (noise technology) əsaslanır. Azərbaycanda artıq 10-a yaxın belə stansiya fəaliyyətdədir. Akustik səs-küylərin təhlili sayəsində onlar anomal seysmik fəaliyyətin qısa zamanda müəyyənləşdirilməsini və sonrakı monitorinq prosesini təmin edirlər.
Layihə vulkanların fəaliyyətini izləyəcək 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutur. Azərbaycanda fəaliyyət göstərən stansiyaların daha sonra Türkmənistan ərazisində qurulacaq stansiyalar şəbəkəsi ilə birləşdirilməsi planlaşdırılır.