Dünya ciddi iqtisadi dəyişikliklər astanasında!
Dünya ciddi iqtisadi dəyişikliklər astanasında!
Qlobal iqtisadiyyatda ciddi bir reset hazırlanır. Öncədən bulanıq görünən konturlar yavaş-yavaş aydın olmağa başlayıb. Sadəcə bir neçə fakta və sitata nəzər salaq:
BMT-nin baş katibi Antonio Guterres deyir ki: "dünya əhalisinin varidatının 50%-i dünyanın 26 ən zəngin insanına məxsusdur". Nat Rotschild (təqdimatına ehtiyac yoxdur) özünün twitter hesabında yazır ki: "dünya sosializmə indikindən daha yaxın olmayıb". Elon Mask daşınmaz əmlaklarını satışa çıxarır. Xüsusilə ABŞ-da olan milyarderlər öz əmlaklarını yaradılmış xeyriyyə fondlarına keçirirlər və ya vəsiyyət edirlər. Britaniya ölkəsində olan bütün əmlakların (xüsusilə xaricilər tərəfindən alınan) monitorinqini keçirir. (Qeyd: bu məsələlərdə ABŞ və Britaniya həlledici rola malik olacaqlar). Doğrudanmı sosializm olacaq? Xeyr. Bu sosializm termini başqa bir mənadadır. Əslində biz sosializm dedikdə kommunist rejimini anlayırıq. Belə deyil.
Dünya uzun müddət ideal cəmiyyət axtarışında idi. Kommunist cəmiyyəti də özünü doğrultmadı. İndiki sistemlər də. Amma, İsveç sistemi dünyanın axtarışında olan sistemə (sosial-kapitalizm) daha yaxındır. Təsadüfdürmü ki, İsveç karantin tətbiq etmədi? Bu məsələyə bir dəfə toxunmuşdum (onsuz da karantində tələb olunan məsələlərə karantinsiz də riayət edirlər). Amma...tək bu məsələ olsaydı normaldır. Digər məsələlər də var. Amma indi mövzumuz başqadır...
Mövzumuz dünyanın kapitalist sisteminin bazar iqtisadiyyatı modelinin yenidən formalaşdırılmasıdır. Burada dövlətin rolu artacaq. Amma, K. Marksın deyil, J.M. Keynesin nəzəriyyəsində əks oluna rol..(bu nəzəriyyə özünü xüsusilə 21-ci əsrdə baş verən böhranlarda özünü doğrultdu).
Bəs göstəricilər hansılardır:
- Bazel 3 tələblərinə əsasən qızılın da risk dərəcəsi 0 oldu. Yəni nağd pulun risk dərəcəsinə bərabər. Dünya Mərkəzi Bankları daxil bir çox banklar qızıl, gümüş alışına başladılar. Digər metalların (palladium, platin və sair) da alışı başlayıb. Əsas hədəf isə reset zamanı zərər görə biləcək kağız pulların riskini yumşaltmaqdır. Və ya dəyəcək zərəri..; Qısası, hazırlıq öncədən başlayıb;
- sənayedə istifadə olunan metalların alışı isə dövlətin sənayedə artması nəzərdə tutulan roluna işarədir;
- birjalarda qiymətli kağızlar sürətlə əl dəyişdi. Əsas drayverlərdən biri də əlavə pul kütləsinin çap olunub dövriyyəyə buraxılması oldu;
- dövlətin iqtisadiyyatda rolu artır. Bu rolun inzibati deyil, daha çox tənzimləyici və xilasedici rol olacağı görünür;
- istiqraz bazarındakı borclar dövlət borcuna çevrilməkdədir. İqtisadi nəzəriyyədən bəllidir. Borc itmir, formasını dəyişir. Bəs bu formasını dəyişən borcu necə həll edəcəklər??? (bu ayrıca bir mözvu);
Yazının qısa olmasını nəzərdə tutduğum üçün daha geniş təfərrüatlara keçmirəm. Amma, ciddi dəyişikliklərin olacağı göz önündədir. 2021-ci ildən başlayaraq. 2030-cu ilədək.
2030-cu il konsepsiyası son 4 ildir araşdırma mövzumdur. Keçən il bu araşdırmaya fasilə verdim. Bəlkə boşuna vaxt itirirəm düşünərək. Amma, baş verən hadisələr və 2008-ci il böhranını öncədən proqnozlaşdırıb deyən məşhur iqtisadçı N. Roubini 4 ay öncə bildirdi ki, başlayan bu dəyişikliklər 10 il davam edəcək. Digər bir məsələ isə dövlətin iqtisadiyyata hansı vasitələrlə kömək etməsi məsələləridir. Xüsusilə, fond birjasının inkişaf etmədiyi inkişaf etməkdə olan ölkələrdə. Burada isə haqqında dəfələrlə danışdığım konsepsiyanın növbəti illərdə tətbiqinə çox inanıram. Bu da dövlətin kreditləşmədə müxtəlif mexanizmlərlə iştirakını əhatə edir.
Heç şübhə yoxdur ki, inkişaf etmiş ölkələr iqtisadi çətinliklərini həll edib zərərlərini azaltdıqları zaman kiçik dövlətləri borclandırmaq və sair mexanizmlərlə istismar etmək, öz tərəfinə çəkməyə çalışırlar. Bu dəfə də hazırlıqsız olan dövlətlərin daha çox uduzması ehtimalı yüksəkdir.
Elman Sadıqov, iqtisadçı-ekspert