Vergi Məcəlləsinə dəyişikliklərdə - YENİ 2 FAİZLİK VERGİ
Vergi Məcəlləsinə dəyişikliklərdə yeni 2 faizlik vergi təklif olunur
Vaxt azlığından Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərlə tanış ola və Vergilər Nazirliyində təşkil olunan, QHT sektorunu təmsil edən ekspertlərlə görüşdə iştirak edə bilməmişdim. Nəhayət, bugün dəyişikliklər layihəsini və bununla bağlı mətbuatda yazılanların əksəriyyətini nəzərdən keçirdim.
Dəyişikliklər layihəsində bugünədək toxunulmamış məsələləri diqqətinizə çatdırmağa çalışacam.
Yadınızdadırsa, 2016-cı ilin dekabrında nağdsız hesablaşmalarla bağlı qəbul olunan qanunda müəyyən əməliyyatların nağd aparılmasına icazə verilmişdi. Qanunda yazılırdı ki, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:
- kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
- əlvan və qara metal qırıntılarının qəbulu;
- utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
- utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.
Vergi Məcəlləsinə dəyişikliklər layihəsində həmin əməliyyatların da vergiyə cəlb olunması nəzərdə tutulur:
Maddə 101.6.
Dəyişikliklərdə yuxarıda sadlanan malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulması təklif olunur.
Amma burada incə bir nüans var, elə həmin maddədə yazılır: “Bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla”.
Burdakı istisnanın mahiyyətini başa düşmək üçün Vergilər Məcəlləsinə nəzər salmaq lazımdır.
Maddə 164. Vergi ödəməkdən azad edilmə
164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 5 il müddətinə.
Yeni dəyişikliklərdə “5” rəqəminin “10” rəqəmi ilə əvəz olunması təklif olunur.
Beləliklə, ən azı 2024-cü ilə kimi kənd təsərrüfatı məhsullarının istehsalçılarından məhsulların qəbulu vergiyə cəlb olunmaycaq, ancaq əlvan və qara metal qırıntılarının, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu zamanı 2 faizlik vergi tutulacaq.
Qalib Toğrul
İqtisadçı ekspert