“Ermənistana silah satan ölkəyə niyə yatırımlar etməliyik?”
Dünən axşamdan başlayaraq xəbər yayılıb ki, Serbiya işğalçı Ermənistana Gürcüstan üzərindən minaatanlar satıb. Bu xəbər hazırda bütün saytlarımızda yayılıb.
“Əgər bu məlumat Azərbaycanın rəsmi strukturlarından saytlara ötürülübsə, demək xəbər doğrudur” – deyə, siyasi şərhçi Elxan Şahinoğlu deyir.
Lakin, siyasi şərhçi “işğalçı dövlətin dezinformasiya maşını Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini gərginləşdirmək üçün var gücüylə çalışdığını” nəzərə almaqğı bildirir. “Buna görə də Azərbaycanın müvafiq dövlət strukturlarının elə bu gün Serbiya və Gürcüstan məsələsinə aydınlıq gətirməsi zəruridir”.
Serbiya tərəfindən ilkin reaksiya…
Bu gün Xarici İşlər Naziriliynin 20 iyuntarxinə olan rəsmi açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı nazir müavini Xələf Xələfovla Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç nazirliyə çağırılıb və görüş keçirilib. Nazirliyin açıqlamasında Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən hadisələrin onun nəzərinə çatdırılıb.
O cümlədən bu hadisələrlə bağlı izahat və açıqlama gözlədiklərini Azərbaycan tərəfi Serbiya tərəfinə çatdırıb.
XİN açıqlamasında deyilir ki, Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib, baş vermiş bu hadisələrdən təəssüf hissi keçirdiyini və bu hadisələrin Serbiya-Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu qeyd edib.
İtirən Belqrad olacaq…
“Xəbər təsdiqini taparsa Azərbaycanın Serbiya və Gürcüstanla münasibətlərə yenidən baxmaq zərurəti yaranacaq. Əlbəttə Serbiyadan açıqlama verə bilərlər ki, necə ki, Azərbaycan istədiyi ölkədən silah və hərbi texnika ala bilir, Belqradın da Ermənistana minaatanlar satmaq hüququ var. Bəli, belə bir hüququ var, ancaq onda da bizim Serbiya ilə əməkdaşlığa yenidən baxmaq hüququmuz var. Belqrad düşmənimizə silah satacaqsa biz niyə bu ölkəyə yatırım qoymalı və ortaq layihələr reallaşdırmalıyıq? Doğrudur, Belqrad bizə onu da deyə bilər ki, bəs Rusiya da Ermənistana silah və hərbi texnika verir, nədən Bakı Moskva ilə münasibətlərə göz gəzdirmir? Rusiya əzəldən Ermənistanın siyasi və hərbi müttəfiqidir, bunu bilirik. Elə buna görə də Azərbaycan cəmiyyətində Kremlin regional siyasətinə inam yoxdur. Serbiya ikinci Rusiya olmaq istəyirsə, uduzan Belqrad olacaq”, deyə Elxan Şahinoğlu deyir.
Gürcüstan bu sınaqda üzüağ çıxmadı…
Elxan Şahinoğlu Gürcüstanın isə son sınaqdan üzüağ çıxmadını yazır: “Gürcüstan hakimiyyətinin Ermənistanla Azərbaycan arasındakı son insidentə göstərdiyi “balanslı” mövqeyi heç zaman unutmayacağıq. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hər zaman Azərbaycanla strateji əməkdaşlığa önəm verirdi, etiraf edirdi ki, Rusiya ilə 2008-ci ildəki müharibədən sonra Azərbaycanın Gürcüstana iqtisadi dəstəyi olmasaydı, ölkəsi çökərdi. Əgər Gürcüstanın hazırki hakimiyyəti üçün Azərbaycanla Ermənistanın fərqi yoxdursa, demək biz onlara bu fərqi hiss etdirməli olacağıq. Əlbəttə, Gürcüstan üzərindən boru xətləri və dəmir yolları çəkilib, geriyə yol yoxdur, ancaq korrektə olunası başqa sahələr var. Bütün hallarda əvvəldə qeyd etdiyim ki, yayılan xəbərin dəqiqləşdirilməsinə ehtiyac var, bunu isə ancaq Azərbaycanın müvafiq strukturları elə bilər”.