Bank

Bağlanmış 4 bankın əmanətçilərinə ödənilən vəsaitin məbləği açıqlandı

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 14,8 min əmanətçisinə qorunan əmanətlər üzrə 17 iyul 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 305,2 milyon manat kompensasiya ödəyib.

Bu barədə “ENA”ya Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Qeyd olunur ki, “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department