MALİYYƏ

Pulunu daha çox biznesə verib - SEKTORLARIN BÖLGÜSÜ

Azərbaycanda bir neçə bank var ki, bu banklar böyük müştəri bazasına malik olmasa da, dayanıqlığı və maliyyə göstəricilərində daim orta dinamika nümayiş etdirməsi ilə fərqlənir. “TuranBank” ASC bu ilin altı ayında ölkə iqtisadiyyatındakı böhrana baxmayaraq aktivlərində və digər göstəricilərində artımı davam etdirib.

 

Aktivləri necə artıb?

ENA.az hesabata istinadən xəbər verir ki, 2020-ci il, 1 iyul tarixinə "Turan Bank"ın aktivləri 522 milyon 55 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% çoxdur. Bu ilin altı ayında isə aktivlər 33 milyon manat artıb. Aktivlərin nəyin hesabına artdığını bilmək üçün tərkibinə baxsaq, kredit portfelində böyümənin olduğunu görə bilərik. Beləki, bank müştərilərinə 341 milyon 314 min manat kredit verib. Son bir ildə kredit portfeli 6,7%, son altı ayda isə 0,3% böyüyüb.

Bankın “Nostro” hesabındakı və digər banklardakı depozitlərinin həcmi nəzərəçarpacaq dərəcədə artıb, lakin nağd vəsaitlərinin həcmi dəyişməyib. Ümumilikdə müsbət tendensiyalardan biri də odur ki, bankın pul hərəkərində "daralma" baş verməyib, əksinə dövriyyədə olan pul vəsaitləri və onların ekvivalentləri 21 milyon 821 min manat artaraq 77 milyon 517 min manata yüksəlib.    

 

Bank pulunu kimlərə verib?

 “TuranBank” ASC-nin 347 milyon manatlıq kredit portfelinin yalnız 106 milyon 901 min manatı istehlak kreditləridir. Bu isə o deməkdir ki, kreditlərin 69%-i biznes kreditləridir. Başqa sözlə bank pulunu daha çox biznesə verib. Sahələr üzrə analiz aparsaq, kreditlər daha çox ticarət, xidmət və tikinti sektorunu əhatə edir. Belə ki, hazırda  “TuranBank”ın problemli kredit portfelinin 63%-ini məhz ticarət və xidmət sahələrinə verilən borclar əhatə edir. Maraqlıdır ki, istehlak kreditləri üzrə problemli pullar cəmi 7%-dir. Ümimilikdə bankın vaxtında qaytarılmayan kreditlərinin həcmi 12 milyon 573 min manat təşkil edir. Yəni, ümumi portfelin yalnız 3.62%-i problemlidir və bu göstərici digər banklarla müqayisədə çox yaxşıdır.   

 

Ümumi kredit portfelinin iqtisadi sektorlar üzrə bölgüsü

 

İqtisadi sektorlar

(min AZN)

Ümumi portfeldə faiz nisbəti

1

Tikinti

55,196

16%

2

Ticarət və xidmət

99,203

29%

3

İstehsal

33,219

10%

4

Kənd təsərrüfatı

48,305

14%

5

Nəqliyyat

2,365

1%

6

İstehlak

106,901

31%

7

Digər

2,131

1%

 

Cəmi

347,319

100%

         

 

 

Bölüşdürülməmiş zərəri “kiçilib”

Hesabat dövründə "Turan Bank"ın öhdəlikləri 1,1% artaraq 446 milyon 642 min manata çatıb. Bütövlükdə bank sektorunda depozitlərin azalması bu bankda da özünü büruzə verir, amma hesablardakı azalma cəmi 2,1%-dir və beləliklə portfel 255 milyon 345 min manata düşüb.

Bankın balans kapitalı isə 9,6% artaraq 75 milyon 909 min manat olub. Artım əsasən  nizamnamə kapitalının 7,7% artaraq 70 milyon 4 min manata yüksəlməsi ilə əlaqədardır. Belə ki, bankın səhmdarları səhm emissiyası yolu ilə əlavə 724 min manat vəsait yatırıb. Diqqətçəkən məqamlardan biri də bankın bölüşdürülməmiş zərərinin azalmasıdır. Bir neçə rübdür ki, bank mənfəətlə çıxdığından bu zərər 2020-ci ilin birinci yarsının sonunda 928 min manata düşüb. Bankın əsas göstəricilərindən biri olan məcmu kapitalı 78 milyon 583 min manat, onun adekvatlıq əmsalı isə 22.7%-dir (bu göstərici üzrə minimum norma 9% təşkil edir - ENA).

 

Mənfəətlə çıxıb

Turan Bank" ASC bu ilin yanvar-iyun aylarını 1 milyon 117 min manat mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 7,5 dəfə çoxdur.

Bankın gəlirləri 20 milyon 36 min manat, xərcləri 18 milyon 663 min manat təşkil edib. 1 milyon 373 min manat xalis əməliyyat mənfəətinə malikdir. Xüsusi ehtiyatlara ayırmaları isə 256 min manatdır. Bank mənfəət vergisi ödəməyib.

 

Xatırladaq ki, “TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)