Sağlamlıq

Koreyadan Azərbaycana 350 min qoruyucu maska gətirildi

Koreya hökuməti tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycana göndərilən ümumi dəyəri 300 min ABŞ dolları təşkil edən 350 min ədəd qoruyucu KF94 maskası Bakıya çatdırılıb.

ENA.az xəbər verir ki, humanitar yardımın hava limanında qəbulu mərasimində Koreyanın ölkəmizdəki səfirliyinin müşaviri Lim Jean Hyuk və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Qulu iştirak ediblər.

Koreyanın ölkəmizdəki səfiri Kim Tonq Op ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə tədbirlərini dəstəkləyərək bu mübarizədə birgə əməkdaşlığın iki ölkə xalqlarının dostluq münasibətlərinin ifadəsi kimi dəyərləndirib.

Qeyd edək ki, Koreya Azərbaycana maska dəstəyi ilə yanaşı bu ilin aprel ayında Bakı şəhərində məskunlaşmış bir qisim məcburi köçkünə - yaşı 65-dən yuxarı olan ahıl, tənha şəxslər və şəhid ailələrinə müxtəlif ərzaq və tibbi yardım göstərib. Eləcə də Koreya hökuməti tərəfindən Azərbaycana xəstəxana həyətlərində testlərin həyata keçirilməsi üçün quraşdırılan kiçik “Walkthrough” köşklərinin quraşdırılmasında dəstək verəcəyi də planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)