Agentlik qurbanlıq heyvan kəsimi ilə bağlı qaydaları AÇIQLADI

İnsanların qurbanlıq heyvan kəsimi və satışını kütləvi şəkildə toplaşaraq həyata keçirdiyi əvvəlki illərdən fərqli olaraq bu il pandemiya şəraiti nəzərə alınmaqla kütləviliyin və insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə vətəndaşlar Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvan ətinin (heyvan cəmdəyinin) sifariş olunması üçün yaxınlıqda yerləşən satış məntəqələrinə - iri market və satış şəbəkələrinə əvvəlcədən müraciət edə, baytarlıq nəzarətindən keçmiş sağlam qurbanlıq heyvan ətlərini əldə edə bilərlər.
Bu barədə ENA.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Rəsmi məlumata görə, hazırda AQTA mütəxəssisləri tərəfindən Respublika üzrə Qurban bayramı günlərində qurbanlıq heyvan ətlərinin mövcud tələblər çərçivəsində vətəndaşlara çatdırılması imkanlarına malik olan satış şəbəkələri ilə işlər aparılır, onların siyahısı tərtib olunur:
“Yaxın günlərdə həmin satış məntəqələrinin adları və ünvanları ictimaiyyətin diqqətinə çatdırılacaq. Unutmaq olmaz ki, mənəvi saflığı və təmizliyi özündə ehtiva edən bu müqəddəs bayramda əsas vəzifələrimizdən biri də insanların təhlükəsizliyi və sağlamlığına xidmət edən qaydalara əməl etməkdir”.