ASCO-nun Xəzərdən kənarda istismar olunan gəmilərində heyət dəyişikliyi aparılıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzərdən kənarda (Qara və Aralıq dənizləri hövzəsində) istismar olunan gəmilərində heyət dəyişikliyi uğurla başa çatıb. 15-16 iyul 2020-ci il tarixlərində 69 nəfərdən ibarət 6 gəminin heyəti dəyişdirilib. Onlardan 33 nəfəri Samsun limanında, 36-sı İstanbul Boğazı və Tekirdağ limanlarında əvəzlənib.
ENA.az xəbər verir ki, dənizçilərimizin heyət dəyişikliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi razılığı ilə həyata keçirilib. Dəyişiklik zamanı “COVİD-19” infeksiyasına yoluxma ehtimalının minimuma endirilməsi amili nəzərə alınaraq, zəruri tədbirlər görülüb. Həm növbədən qayıdan, həm də növbəyə yola salınan bütün heyət üzvləri mövcud qaydalara uyğun koronavirus testindən keçirilib.
Dənizçilərimiz hər iki istiqamətdə “Azərbaycan Hava Yolları” QSC-yə aid xüsusi çarter reysi ilə (Bakı-İstanbul-Bakı) daşınıb.
Çarter reysi ilə ASCO-nun xaricdə üzən gəmilərinin 70 nəfər heyət üzvü ilə yanaşı, bir müddət öncə ASCO-nun dəstəyi ilə Mavritaniyadan İstanbula gələn, xarici şirkətdə çalışan iki azərbaycanlı dənizçi də Bakıya qayıdıb.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə dünyanın əksər ölkəsində elan edilən pandemiya səbəbindən sərhədlərin bağlı olmasına görə hava nəqliyyatı ilə beynəlxalq sərnişin daşınması dayandırılmış, xarici sularda fəaliyyət göstərən ASCO dənizçilərinin də heyət dəyişikliyi təxirə düşmüşdü.