İlham Əliyev: İstisna edilmir ki, yeni təxribatlar törədilə bilər
"Gedən prosesləri və son hadisləri nəzərə alaraq biz öz hərbi xərclərimizə yenidən baxmalıyıq. İstisna edilmir ki, Ermənistan onlara vurulmuş böyük zərbədən, məruz qalmış vəziyyətdən istifadə edərək, bundan bəhanə düzəldərək növbəti təxribata əl atsın. Bu istisna deyil".
ENA.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bildirib.
"Onu da bildirməliyəm ki, mənə verilən operativ məlumata görə, Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən fəallaşma müşahidə olunur. Azərbaycan ordusu vəziyyətə tam nəzarət edir və bundan sonra da nəzarət edəcək. Ona görə istisna edilmir ki, yeni təxribatlar törədilə bilər. Ona görə həm hərbi xərclərimizə yenidən biz baxmalıyıq və xüsusilə gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir", - deyə Prezident xüsusi vurğulayıb.