Bankdan alınan bu kreditlər üzrə faiz subsidiyası veriləcək
Azərbaycanda insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 6 ay üçün hesablanan faizlərə subsidiya veriləcək.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nda əksini tapıb.
Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında veriləcək. Faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində veriləcək.
Beləliklə, zəruri ərzaq təchizatçılarına Qaydada əksini tapan 8 tələb şamil olunmayacaq. Həmin tələblər aşağıdakılardır:
- Faiz subsidiyasının fəaliyyət növü 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə manatla aldıqları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilməsi;
- Faiz subsidiyasının sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilməsi;
- Kredit öhdəliyinin qalan müddəti 12 aydan az olarsa, faiz subsidiyasının kredit öhdəliyinin icra müddətinin sonuna qədər verilməsi;
- Faiz subsidiyasının 2020-ci il 10 mart tarixinə qalıq məbləği 5 milyon manat və ondan az olan kreditlərə verilməsi;
- Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilməməsi;
- Kredit xətti üzrə faiz subsidiyasının yalnız həmin kredit xəttinin 2020-ci il 10 mart tarixinə istifadə olunan məbləğinədək hissəsinə görə ödənilməsi;
- 2020-ci il 10 mart tarixindən sonra kredit müqaviləsi bağlanıldıqda faiz subsidiyasının verilməməsi;
- sahibkarlıq subyektinin kredit hesabatına əsasən, 2020-ci il 10 mart tarixinə subsidiya üçün müraciət etdiyi kredit müqaviləsi üzrə 60 gündən artıq gecikməsi olduqda faiz subsidiyasının verilməməsi.