Azərbaycan startapı xüsusi hərarətölçən cihaz hazırlayıb – FOTO
Azərbaycanın “Sumaks” startap şirkəti “Sosial İzolyasiya İşıqforu” adlı layihə çərçivəsində xüsusi hərarətölçən cihaz hazırlayıb.
Şirkətdən bildirilib ki, xəstəliyə yoluxma riskini aşkarlaya biləcək kompakt ölçülü cihaz 50 sm məsafədən insan bədəninin hərarətini ölçmə imkanına malikdir.
“Hərarət yüksək olduğu təqdirdə cihaz səsli və görüntülü (müvafiq işıqlarla) xəbərdarlıq edir. Toplanılan məlumatların qeydiyyatı aparılır. Ölçülər aparılarkən isti hava şəraiti nəzərə alınır. Qızdırma əlamətlərinin erkən aşkarlanması, operativ tədbirlərin görülməsinə imkan yaradır bu isə öz növbəsində yoluxma faizinin aşağı salınmasına təsir edə bilər”, – deyə şirkətdən qeyd ediblər.
Cihaz ictimai məkanlarda, ictimai nəqliyyatda, ticarət mərkəzlərində, kafelərdə, restoranlarda, xəstəxanalarda, dəmiryolu stansiyalarında, metroda və sair məkanlarda istifadə oluna bilər.
“Sosial İzolyasiya İşıqforu” layihəsi çərçivəsində hazırlanan digər eyni funksiya daşıyan cihaz bədən hərarətini yoxlamaqla yanaşı, kamera vasitəsilə vətəndaşın üzündə tibbi maskanın olub olmadığını da yoxlayır. Tibbi maska olmadığı və ya bədənin hərarəti yüksək olduğu təqdirdə, qırmızı işıq yanır və vətəndaşın məkana daxil olmasına icazə verilmir.
Cihazın digər giriş məhdudiyyətinin qoyulması isə məkanda insan sayı ilə bağlıdır. Belə ki, sosial izolyasiya qaydalarına riayət etmək məqsədilə, məkanda eyni anda yalnız müəyyən sayda insan olmalıdır. Əgər vətəndaş yaxınlaşarkən həmin say qoyulan limitə çatılıbsa, cihazın üzərində sarı işıq yanır və vətəndaş gözləyir. Əgər hər şey qaydalara uyğundursa, yaşıl işıq yanır və keçidə icazə verilir.
Cihaz hərəkət qeydə almadığı zaman, bina daxili müxtəlif sosial izolyasiya qaydalarına riayət edilməsi barədə tövsiyələr səsləndirir.