Sağlamlıq

ÜST dünyanı aldadıb, Çinə kömək edib: nə etməliyik?

Koronavirus niyə sürətlə yayıldı və kim günahkardır sualları hazırda ən çox təkrarlanan suallardır. Məsələyə bir az dərin və soyuq düşüncə ilə baxaq. Öncə onu qeyd edim ki, koronavirusla bağlı ilk yazını koronavirus ölkəmizə gəlməmişdən öncə yazmışdım. Həmin yazıda toxunduğum bəzi məqamları təkrarlamaq məcburiyyətindəyəm. Əvvəla, bütün bu mövzudakı yazılarımda ÜST-ün məlumat və tövsiyyələrinin, o cümlədən Çindəki statistikanın da doğru olmadığını qeyd etmişəm. Bu niyə vacibdir və niyə təkrarlamışam?

Əvvəla, Ümumdünya Səhiyyə Təşkilatı Çində koronavirusa qarşı mübarizədə indi dünyada oynadığı rolu oynamayıb. Yəni, Çində sərt tədbirlər olub və hətta bu tədbirlər ilk mərhələdə dünyada müsbət qarşılanmayıb. Çində virusa qarşı mübarizəni ÜST həyata keçirməyib. Bir haşiyə çıxım ki, Çində düzgün statistikanı heç kim ona görə bilmir ki, orada meyitləri xüsusi sobalarda yandırıb sadəcə yox edirlər. Deməli, hamının yekdil fikri budur ki, Çin bu virusun öhdəsindən öncəki koronaviruslarda (məsələn, Sars) qazandığı təcrübə ilə gəlib. ÜST-ün elə bir rolu olmayıb. Amma ÜST Çinə bir çox məsələlərdə yardım edib. Yadınızdadırsa ÜST bu xəstəliyin ciddi və təhlükəli olmadığını bəyan edərək Çinlə ticarət və turizm əlaqələrini kəsməməyə çağırmışdı. Bu faktları unutmayaq.

Hazırda ÜST bir çox ölkələrə bu virusla mübarizədə məsləhət xidmətləri verir (ABŞ daxil bir çox ölkələr artıq bu məsləhətlərdən imtina ediblər). ÜST məsləhət verərkən hər bir ölkəyə orta statistik dünya ölkəsi kimi yanaşır. Qətiyyən doğru yanaşma deyil. Çünki, virusun yayılmasında əsas amillərdən biri də həmin ölkənin dini inancları, adət-ənənələridir. Məsələn, dünyanın əksər ölkələrində yas və toy mərasimləri bizdəki qədər izdihamlı olmur. Xüsusilə yasda bir nəfər 50 nəfərlə öpüşüb, görüşmür. (Yeri gəlmişkən, fevral ayındakı yazımda məhz yas yerlərinin ciddi təhlükə mənbəyi olacağını vurğulamışdım). Indi aydın olur ki, bir yas yerində 84, digər bir neçəsində onlarla insan yoluxub. ÜST tövsiyələr verərkən bu kimi nüansları nəzərə almır. Onları özümüz nəzərə almalıydıq. Cəmiyyət olaraq, vətəndaş olaraq. Nəticə bundan ibarətdir ki, ölkəmiz, o cümlədən TƏBİB məhz ÜST-ün verdiyi tövsiyələri nəzərə alır və əslində bu pandemiya olduğundan belə olması da məntiqlidir. Yayılma sürətli və əhatəli olduğu üçün ÜST də hər bir ölkənin səhiyyə sistemindəki vəziyyəti, imkanları, ehtiyatları obyektiv qiymətləndirə bilmədi (əslində pandemiyadan öncə bu qiymətləndirmələr aparmalı idi və daha düzgün ölçmə-analizlər məqsədilə məlumatları daha dəqiq olmalı idi). ÜST hər bir ölkəyə həmin ölkənin adət-ənənəsi, dini inancları, ölkənin səhiyyə sistemindəki səviyyə və vəziyyətə uyğun tövsiyələr verməli idi. Əminəm ki, bir çox məqamlar ÜST tərəfdən nəzərə alınmayıb. Digər tərəfdən, əgər TƏBİB ÜST-ün tövsiyələrini qulaq ardına vursaydı, mövcud vəziyyətdə niyə beynəlxalq təcrübəyə baxmadı deyə daha çox qınanılardı. Burada məqsədim heç bir qurumu müdafiə etmək deyil. Məqsədim indiyə qədər ÜST ilə bağlı yazdığım fikirlərə aydınlıq gətirməkdir. ÜST-ün həm statistikası, həm idarəetməsi, həm tövsiyələri ziddiyyətli olub. Paradoksal haldır. ÜST bir tərəfdən bu pandemiya, bu virusla bağlı kifayət qədər məlumatının olmamasını vurğulayır, həm də ilk gündən indiyə kimi vəziyyəti idarə etməyə çalışır. Özünüz nəticə çıxarın. Məsələlər düşündüyümüz qədər bəsit deyil. İlk günlərdə bütün ölkələrin səhiyyə sistemlərinin, əhalinin psixoloji hazırlğının, maska, əlcək, spirt kimi gigiyenik vasitələrin çatışmamasını nəzərə alsaq karantin yeganə doğru qərar idi. İndiki vəziyyətdə də vəziyyətin stabilləşməsinə ehtiyac var. Bu artımla karantin rejiminin ləğvi təsəvvür edilməyən nəticələr doğura bilər.

Bundan sonra nə olacaq? Ən böyük risk virusa inamsızlıq idi. Gec də olsa, ciddi itkilərdən sonra virus ciddi qəbul olundu. İkincisi, vəziyyəti yaxşılaşdırmağa yönələn qərarlar artır. Məsələn, avtomobillərin deyil, fərdlərin xüsusilə qapalı məkanlarda maska taxmaları və sosial məsafə saxlamalarına nəzarət gücləndirilir. Digər ciddi bir məsələ haqqında düşünməyə dəyər. Bəli, şübhəsiz ki, karantin rejiminin faydası oldu və vardır. Lakin, insanların yayda günəş qəbul etməməsi, psixoloji gərginliyin, stresin özünün immuniteti aşağı salması (makroiqtisadi amillərə toxunmuram) sentyabrdan sonrakı aylarda əhalinin psixoloji və sağlıq durumlarında müəyyən fəsadların üzə çıxmasına səbəb ola bilər. Bu virus üçün təhlükə kondisionerli qapalı məkanlardır. Bu amili unutmayaq. Maska, sosial məsafə və günəşli hava bu virusun yayılma zəncirini qıracaq, məhv edəcək amillərdir. İnsanlarda virusun mövcudluğuna inam yaranıb, məsuliyyət artıb. 1-2 ay öncə bu amillər zəif olduğu üçün karantin rejimlərinin tətbiqinə məcbur oldular. Bütün dünya dövlətləri (2-3 dövlət istisna) bu məhələdən keçdilər. İndi dünyadakı yumşalmalarda əsas məqsəd də dediyim psixoloji və sağlıqla bağlı amillərdir. Lakin, qapalı məkanlarla bağlı məsələlərdə yenə də ehtiyatlı olmaqla. Əgər açıq havalarda növbələr olmasa, sıx toplaşmalar olmasa, məsələn 5-10 nəfərin birlikdə yığışması, gəzişməsi olmasa risk yüksək deyil. Yas, toy, ad günü və digər yığıncaqlar, görüşərkən qucaqlaşıb öpüşmək, məsafə saxlamadan ünsiyyət ən yüksək risk mənbələridir.

Məsələyə nisbətən geniş və obyektiv yanaşma bizi yersiz günahlandırma, stres, aqressiya kimi hisslərdən uzaq tutar. Növbəti mərhələdə bu kimi amillərin nəzərə alınacağını düşünürəm.
P.S. Hamı deyir ki, İsveç karantin rejimi tətbiq etmədi. Əvvəla yoluxma və ölüm sayı qonşu Norveç və Finlandiyaya nisbətən dəfələrlə çox oldu. İkincisi, İsveç ÜST-ün tövsiyələrinin onsuz da əhali arasında əvvəldən də yerinə yetirildiyini bildirdi. İsveçlilər soyuq millətdir. Onlarda görüşərkən öpüşmək (xüsusilə eyni cinslər arasında), yanaşı gəzərkən bir-birinə toxunmaq, qısası həddən artıq mehribançılıq, yas və toylarda maksimum 40-50-60 nəfərin olduğunu qeyd etmişlər. Virus yayıldıqda bu mərasimlərdə də sosial məsafələri saxlayırdılar. Cəriməsiz, iradsız, nəzarətə ehtiyac olmadan…

Müəllif: Elman Sadıqov

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)