"Mercedes-Benz" Nvidia ilə əməkdaşlığa başlayıb: İki şirkət hansı texnologiyanı yaradacaq?
Mercedes-Benz və Nvidia şirkətləri avtomobillər üçün nəzərdə tutulmuş yeni nəsil superkompüterin yaradılması yolunda əməkdaşlıqlarını elan ediblər. Bu barədə The Verge saytı xəbər verib. Mercedes şirkəti yeni texnologiyanın öz avtomobillərinə 2024-cü ildən başlayaraq inteqrasiya etməyi planlaşdırır. Bu yeni texnologiya avtomobilin avtonom idarəsi üçün olan müxtəlif tətbiqləri və sürücüyə yardım məsələsində müasir sistemləri dəstəkləyəcək.
Bundan əlavə olaraq sözügedən texnologiya smartfonda olduğu kimi naqilsiz şəkildə proqram təminatının yenilənməsini də dəstəkləyəcək. Yeni platforma Nvidia-nın Orin adlı prosessoru əsasında hazırlanacaq. Şirkət bu prosessoru 2019-cu ilin sonunda təqdim etmişdi. Orin prosessoru aşağı enerji sərfiyyatı ilə saniyədə 200 trilyon əməliyyat yerinə yetirə bilir. Nvidia Drive sistemi isə sürücünün yola diqqətini qiymətləndirmək üçün onun baş və göz hərəkətlərini təyin edir. Bundan əlavə olaraq bu sistem sürücünün yuxu səviyyəsini ölçmək üçün onun göz qapama tezliyinə nəzarət edir.
Sürücü sükan arxasında yuxuya gedən zaman Nvidia Drive sistemi ona audio, vizual və ya toxunuşla duyula bilən bildiriş vasitəsilə xəbərdarlıq edəcək. Nvidia Drive sistemi həmçinin avtomobildən kənarda olan vəziyyəti də müşahidə etmək qabiliyyətinə sahibdir. Məsələn, əgər sürücü avtomobildən enmək istəyirsə və ona tərəf yaxınlaşan velosipedi görmürsə, sistem bu barədə ona xəbərdarlıq edə və ya velosipedin uzaqlaşmasına kimi avtomobil qapısının açılmasını deaktiv edə bilər.