BİZNES

Azərbaycandakı holdinq Moskvada 1.5 MİLYARDA BİNA ALDI

Azərbaycanda iri şirkətlərdən biri olan “Karat Holding” Mixayil Şişxanova məxsus biznes-mərkəzini alıb. Bina 1,47 milyard rubla alınıb, bu isə 21 milyon dollardan çox vəsait deməkdir.

Alqı-satqıdan sonra Taqankda yerləşən, “Bernikov” biznes-mərkəzi kimi məşhur olan bu binanın funksiyasını dəyişərək otel kimi fəaliyyət göstərəcəyi bildirilir.

Bununla bağlı ENA.az-ın sualını cavablandıran “Karat Holding”in baş direktoru Taleh Qasımovun sözlərinə görə, COVİD-19 pandemiyası ilə əlaqədar otel bazarı çöküb və hələlik binanın necə istismar olunacağı bilinmir. “Hələlik heç nə bilinmir. Bu vəziyyətdə banklar kreditləşməni dayandırıb”, - deyən T.Qasımov “Karat Holding”in Rusiyada 15 ildir ki, işləyən şirkətinin həmin binada əvvəlcədən 20% payının olduğunu vurğulayıb.

Qeyd edək ki, Stavropoldakı “Ekspo” Məhdud Məsuliyyətli Cəmiyyəti satışa çıxarılmış “Bernikov” biznes-mərkəzini alıb. Mərkəzin ərazisi 15 244 kv m-dir və Moskvanın mərkəzindəki Nikoloyamskoy küçəsində 0,3 ha ərazidə kirayə hüququna malikdir.

“Bernikov”u Tiqran Nersisyanın “Borodino” qrupu 2007-ci ildə tikməyə başlayıb. Bu tikiliyə 45 milyon dollar vəsait qoyulması planlaşdırılırdı və bu məqsədlə “Cvyaz-bank”dan kredit götürülmüşdü. 2008-2009-cu ildəki krizisdən sonra kompleksin tikintisi dayandırılmışdı. Amma binanən əsas infrastukturu hazır idi və artıq ofislərin satışı ilə bağlı elanlar da paylaşılmışdı. Müxtəlif vaxtlarda layihə “Borodino”, “Safmar” qruplarına, “İnteko” şirkətinə və “Trast” banka məxsus olub.

“Borodino” krediti vaxtında qaytara bilmədiyi üçün “Cvyaz-bank” onu məhkəməyə verib. Moskva Arbitraj Məhkəməsi borcun əvəzi olaraq biznes-mərkəzin satışı ilə bağlı banka icazə verib. Bu şirkətin müflis elan edilməsi ilə bağlı məlumat federal reyestrdə də öz əksini tapıb.

Əsas fəaliyyəti un və makaron məmulatları istehsalı olan Karat Holding-in fəal şəkildə Rusiyadakı otel biznesinə sərmayə yatırdığını qeyd edən Rusiya mətbuatı onun bir neçə strukturuna məxsus obyektlərin adlarını da açıqlayıb. Bunların arasında  Yesentukidəki “Mənbə” («Источник»), “Voronej”, Jeleznovodskidəki “Mənbə” («Источник») sanatoriyaları var. Bundan başqa, şirkət Kislovodskidəki “Akademiçeski” sanatoriyasını rekonstruksiya etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, “Karat Holding” keçmiş millət vəkili Əsabil Qasımovun ailə biznesinə daxildir.

 

Yazıda qalib kimi adıçəkilən Stavropoldakı “Ekspo” ASC-nin təsisçisi kimi 3 hüquqi şəxs göstərilir. Şirkətin nizamnamə kapitalı 10 min rubldur. Şirkət daşınmaz əmlak bazarında işləyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department