Biznes bank kreditlərini geri qaytara bilmir – 57 MİNƏ YAXIN MÜRACİƏT VAR
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorundakı kreditləri diqqətlə monitorinq edir. ENA.az xəbər verir ki, bu barədə açıqlama verən AMB sədri Elman Rüstəmovun sözlərinə görə, problemli kreditlərin 0,6% həcmi ilin əvvəlindən artıb.
“Pandemiya şəraitində bankların aktivlərinin keyfiyyətinin bir qədər pisləşməsi gözləniləndir və bu trendlərin artıq başlanması müşahidə olunur”.
Ekspert Rəşad Həsənov ENA.az-a bildirib ki, bank sektoru müxtəlif istiqamətlərdən pandemiyanın mənfi təsirlərini hiss edir. Fiziki şəxslərin əmanətlərinin və eyni zamanda hüququ şəxslərin depozitlərinin azalması baş verib. Qarşıdakı aylarda bank sektorunda likvidliyin aşağı düşəcəyi və kreditlərin geri dönüşündə problemlər müşahidə ediləcək.
“Bank sektorunda hazırda kreditlər əsasən istehlak və biznes portfellərində cəmləşib. Kreditlərin ödənilməsində problem olacaq, kapital adekvatlığı və likvidliyi zəifləyəcək, toksik aktivlər artacaq”.
Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, artıq kreditgötürənlərin banklara müraciəti 57 minə yaxındır. 21.05.2020-ci il tarixinə 1.4 milyard manat həcmində kreditlərin restruktrizasiya edilməsi üçün banklara müraciət edilib. Kreditlərini qaytara bilməyənlər arasında ən böyük faiz biznes kreditlərindədir. Rəqəmlərlə ifadə etsək, onların 94%-i biznes kreditləri, 3%-i istehlak, 3%-i ipoteka kreditləridir.
Xatırladaq, pandemiya ilə əlaqədar Azərbaycan Mərkəzi Bankı banklara tövsiyə edib ki, kreditləri ödəməkdə çətinlik çəkən sahibkarların borclarının vaxtını uzatsın. Bu zaman həmin kreditlər üzrə faizlər hesablanacaq, lakin gecikmələrə görə cərimələr tətbiq edilməyəcək.
Qeyd edək ki, təkcə bu ilin yanvar-aprel aylarında 2,6 milyard manat həcmində yeni kreditlər verilib.
Vəsaitlərin vaxtında banklara geri dönməyəcəyi təqdirdə və iqtisadi aktivliyin azaldığı bir vaxtda bankların likvidlik problemi ilə üzləşəcəyinə gəlincə, E.Rüstəmov qeyd edib ki, bu tezliklə baş verməyəcək. Çünki hazırda banklarda 9 milyard manatdan çox artıq pullar var. Bu isə aktivlərin 29%-ni təşkil edir və imkan verir ki, banklar öz öhdəliklərini yerinə yetirə bilsinlər, ödəniş sistemi normal şəkildə işləsin. Başqa sözlə, hazırda bankların likvidliyə tələbatı aşağıdır.