Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev "Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
ENA.az xəbər verir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikasında regionların davamlı inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illərdə uğurla həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində paytaxtda və regionlarda, eləcə də Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almışdır.
Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də əhalinin elektrik enerjisi ilə təminatında, habelə küçə və prospektlərin işıqlandırılmasında idarəetmə, nəzarət, ölçmə və hesabatlılıq, habelə enerji sərfiyyatına və xidmət xərclərinə qənaət kimi üstünlükləri olan, işıqlandırma səviyyəsini proqramlaşdırmağa imkan verən və intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması diqqət mərkəzində saxlanılacaq aktual məsələlərdəndir. Yeni və müasir işıqlandırma sistemləri funksionallığı ilə yanaşı, şəhərin estetik görünüşünü də dəyişərək onun simasını müasir çalarlarla daha da zənginləşdirir".
Sərəncamla Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb.