ADİF-in niyə fəaliyyət hesabatı yoxdur?
Vaxtilə Azərbaycanda bankların sayı 45-ə çatırdı və son 10 ildə 21 bank bağlanıb. İlk dönəmlərdə bağlanan bankların ləğvedicisi tenderlə seçilirdi və bunlar əsasən konsaltinq-hüquq şirkətləri olurdular. Lakin sonra dövlət ləğvetməni tam şəkildə öz inhisarına alaraq Əmanətlərin Qorunması Fonduna (ADİF) verdi. ENA.az xəbər verir ki, hazırda ADİF-də 21 bankın ləğvetmə prosesi davam edir. Bu bankların əmlakı və bütün aktivləri üzrə qərarvermə hüququna malik olan ADİF-ın 2011-ci ildən bəri ləğvetmə ilə bağlı bir hesabatı belə yoxdur.
Auksionlarla bağlı yalnız lotlar elan edilir və lotların nəticəsi, satışın nəticələri ictimaliyyətdən gizlədilir.
ADİF sədri Azad Cavadovun vəzifəsindən azad edilməsinin və sonradan dindirilməsinin səbəblərindən biri də bankların aktivlərinin “istifadəsi” ilə bağlı olmuşdu.
Artıq bir neçə ildir ki, bu fonda rəhbər təyin edilmirdi və icraçı direktor vəzifəsini müvəqqəti olaraq Vüqar Abdullayev icra edirdi.
Ləğv prosesində olan banklarda pulu batan kreditorlar isə ADİF-in fəaliyyətindən narazıdırlar və bununla bağlı müvafiq dövlət qurumlarına dəfəflərlə şikayət edilib.
Nəhayət ötən həftə ADİF-in icraçı direktoru vəzifəsinə yeni təyinat baş verdi. 2016-ci ildən bu günə qədər “PAŞA Holdinq” MMC-nin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri olmuş Tural Piriyevin təyinatından sonra hesabatlılığın yaxşılaşacağına böyük ümidlər var.
Hazırda ləğvetmədə olan bankların adları:
2011-ci ildən “BirlikBank”,
2012-ci ildən “Royal Bank”,
2015-ci ildən “Azərbaycan Kredit Bankı” və “Debütbank”
2016-cı ildən “Atrabank”, “Bank of Azerbaijan”, “Bank Standard”, “Deka Bank”, “Gəncə Bank”, “Kredo Bank”, “Qafqaz İnkişaf Bankı”, “Para Bank”, “Texnika Bank”, “United Kredit Bank” və “Zamin Bank”, “Borçalı Bank”,
2017-ci ildən “Dəmir Bank”,
2020-ci ildə isə “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” bazarı tərk edib.
Hazırda ölkədə 26 bank fəaliyyət göstərir.