İcbari sığorta yığımları azalıb, ödənişlər isə artıb
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar keçən ilin eyni dövrü ilə müqayisədə 4% azalaraq 19 milyon 372.9 min manata düşüb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2020-ci ilin yanvar-mart aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişləri 16 milyon 325.9 min manat olub. Bu isə 19,6% artım deməkdir. Bu həmçinin hesabat dövrü üçün bütün sığorta ödənişlərinin 21.2%-ni təşkil edib.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda sığortaçılar tərəfindən icbari sığorta üzrə mükafatlar 5,2% artaraq 100 milyon 430.2 min manata, ödənişlər isə 25.7% artaraq 67 milyon 235.6 min manata çatmışdı.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı əmlaka vurulan ziyana görə sığorta məbləği 5.000 AZN, bir insana dəyən ziyana görə sığorta məbləği 5.000 AZN, bir sığorta hadisəsi üçün maksimum limit 50.000 AZN təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üçün sığortanın maksimal məbləği 55 min manata çata bilər.