Əkrəm Həsənov: “Dörd bank arasında ən yaxşı vəziyyət AGB-dadır”
Dünən Azərbaycanın bank tarixçiliyində ilk dəfə birdən-birə 4 banka müvəqqəti inzibatçı təyin edildi. Bu addım əslində bankların dördünün də bağlanması demək deyil və böyük ehtimal ki, ən azı 2 bank xilas ediləcək.
Uzun müddət bank sektorunda çalışmış, hüquqşünas Əkrəm Həsənovun ENA.az-a açıqlamasına görə, müvəqqəti inzibatçı bankın ödəmə qabiliyyətini itirməsinin mahiyyətini araşdırmalıdır. Ola bilər ki, bu bankların likvidliyində problem müvəqqəti xarakter daşıyır. Yəni, bank verdiyi kreditləri vaxtlı-vaxtında geri ala bilmir, ancaq kreditlərin girov təminatı var və bununla bağlı məhkəmə işləri başlanılıb. Nəticə etibarilə bank əmindir ki, son mərhələdə məhkəməni udacaq və pulunu geri qaytaracaq. Bu halda Mərkəzi Bank həmin banka kredit verməlidir, bank niyə bağlanmalıdır ki?!
Ə.Həsənov hesab edir ki, bu dörd bankın içində bu meyara daha çox AzeriGazBank uyğun gəlir. Çünki bu bankın kreditlərinin kifayət qədər girov təminatı mövcuddur, sadəcə hazırda bütün işlər məhkəmələrdədir. Girovların alınması ilə bank onları sataraq likvidliyini bərpa edə bilər.
İkinci variant da var ki, bank verdiyi kreditləri qaytara bilməyəcək, çünki girov təminatı ya ümumiyyətlə yoxdur, ya da çox zəifdir. Bu halda müvəqqəti inzibatçı başa düşür ki, kreditləri qaytara bilməyəcək, onda həmin bank müflisdir. Hüquqşünasın fikrincə, buna bariz misal Atabankdır.
Amma burada bir məsələ də var ki, “Atabank”da səhmdarın kapital qoyması versiyası səslənir, özü də bu rəqəm 100 milyona yaxın bir məbləğlə ifadə edilir. Ə.Həsənov qarşıdakı 3-6 ay ərzində “Atabank”ın səhmdarının kapital qoyaraq, bankı vəziyyətdən çıxartmasını mümkün hesab edir, əgər səhmdar indiki vəziyyətdə bunu etmək istəsə...
“Ola bilər ki, həqiqətən hamısını bağlamaq fikirləri yoxdur, sadəcə bu addım atılır ki, bankın səhmdarları da artıq konkret tədbirlər görsün. Düşünürəm ki, panikaya düşmək lazım deyil ki, bu banklar hamısı bağlanacaq”, - deyən ekspert burada əsas məsələ kimi müvəqqəti inzibatçının şəffaflığını önə çəkdi. Çünki müvəqqəti inzibatçı vəzifəsindən sui-istifadə edə bilər ki, bu da nəticə etibarilə bankın ədalətsiz şəkildə bağlanmasına səbəb olar. Tutaq ki, banka kiminsə 5 milyon manat borcu var və kifayət qədər yaxşı girov təminatına malikdir. İndiyə qədər də bank rəhbəri məhkəmələrdə krediti geri qaytarmağa çalışıb. Müvəqqəti inzibatçı isə borcludan rüşvət götürə, bu işi məhkəmədə uduza bilər. Çox ciddi məsələdir, buna görə də müvəqqi inzibatçı şəffaf olmalıdır.
Onu da nəzərə alaq ki, həmin banklarda fiziki şəxslərin, eyni zamanda sahibkarların böyük məbləğdə pulları var. Ölkə iqtisadiyyatının indiki çətin dövründə əlavə bank bağlayıb problemləri artırmağı isə heç bir tənzimləyici istəməz.