İnzibatçı təyin edilən hər 4 bankın müxbir hesabı bağlanıb: Onları nə gözləyir?
Bu gün Azərbaycan Mərkəzi Bankı “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin etdi. Əslində ilk üç bankdan bunu gözləmək olardı, çünki həmin bankların ödəmə qabiliyyətində problemlər yaranmışdı və müxbir hesablarında vəziyyət pis idi. Ancaq "Amrahbank"ın da bu siyahıya əlavə edilməsi maraqla qarşılandı. Bir qədər dərindən baxsaq, burada da köklü səbəb tapmaq olar, məsələn, nizamnamə kapitalının prudensial normalara uyğun olmaması ("Amrahbank"ın nizamnamə kapitalı 39 milyon manatdır, minimum isə 50 milyon manat olmalıdır - red).
ENA.az xəbər verir ki, inzibatçının təyin olunması ləğvetməyə gedən yolun başlanğıcıdır. Hələ 2020-ci ilin yanvarında keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri yenidən Mərkəzi Banka qaytarılandan sonrakı açıqlamasında AMB-nin sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycanın bank sektorunda 3-4 zəif nöqtə var. Və həmin zəif nöqtələrin sağlamlaşdırılması ilə bağlı ciddi tədbirlər görüləcək. Belə görünür ki, Azərbaycan Mərkəzi Bankı həmin nöqtələri inzibatçıya tapşırmaqla artıq tam şəkildə həll etməyə çalışır.
"Bu, ən pis ehtimaldır"
Maliyyə sahəsində ekspert Ramin Rəhimovun sözlərinə görə, inzibatçının təyin edilməsində birinci istiqamət odur ki, bank ləğvetməyə gedir və öhdəliklərin icrası üçün inzibatçı təyin olunur. Həmin inzibatçı proseslərin bir qismini həll edərək, bankı ləğvediciyə təhvil verir. Bu, ən pis ehtimaldır.
Azərbaycan Mərkəzi Bankının bu günükü qərarı isə həmin banklarda sağlamlaşdırma tədbirləri ilə bağlıdır. Yəni, yuxarıda adıçəkilən bankların kapital mövqeyi zəifdir, portfellərinin, aktivlərinin keyfiyyəti aşağıdır. Bu isə bankların idarə heyətinin, yəni menecmentin qərarlarından formalaşdığı üçün Azərbaycan Mərkəzi Bankı həmin bankları idarə etmək üçün müvəqqəti inzibatçılar təyin edir.
Müşahidə Şurası belə qərarvermədən kənarda qalır
Artıq həmin banklarda bütün qərarlar inzibatçılar tərəfindən verilir. Yəni, bankların Müşahidə Şurası, İdarə Heyəti belə bankın idarəedilməsindən kənarda qalır. Müvəqqəti inzibatçılıq isə 3-6 ay arasında olur. Effekt verməzsə, bankın lisenziyasının geri çağırılması üçün məhkəməyə müraciət edilir.
Müvəqqəti inzibatçılıq dövründə isə Mərkəzi Bank sağlamlaşdırılma perspektivi olan banka maliyyə resursu da ayıra bilər. Bu isə ilk növbədə likvidlik mövqeyinin səviyyəsindən asılı olacaq. Mərkəzi Bank kənardan prosesi dərindən görmədiyi üçün artıq müvəqqəti inzaibatçı vasitəsilə bank barədə hərtərəli məlumata sahib olacaq. İnzibatçı adətən Azərbaycan Mərkəzi Bankının müvafiq departamentindən təyin edilir.
Hazırda isə “bank panic” yaşanır, həmin banklardan depozit axını bundan sonra da sürətlənəcək. Bunun qarşısını almaq üçün Mərkəzi Bank vəsait yönəltməlidir, əks halda sağlamlaşdırma mümkün deyil.
4 bankın müxbir hesabları bağlanıb
Bank sektorundan ENA.az-a bildiriblər ki, inzibatçı ləğvedici deyil. Göstəriciləri prudensial normalara uyğun olmayan bu banklara inzibatçı təyin edilir ki, onlar həmin bankların öhdəliklərini yerinə yetirsin və ilk növbədə mümkündürsə sağlamlaşdırsın.
Hazırda inzibatçılığa verilən bankların müxbir hesabları ləğv edilib və onlara cari hesablar açılıb. Bütün öhdəliklər də həmin cari hesabların üzərindən icra ediləcək. Öhdəliklərin yerinə yetirilməsindən sonra bankın vəziyyəti barədə tam təhlil ortaya qoyulacaq. Bu nəticələrdən asılı olaraq, bank haqqında qərar veriləcək.
P.S. Atalar deyib ki, şər deməsən xeyir gəlməz. Sonuncu belə inzibatçı təyinatı “Bank Standard”da olmuşdu. 3 ay müddətinə banka inzibatçı təyin edildi, hətta Mərkəzi Bank maliyyə resursu da ayırdı. Lakin bu tədbirlər heç bir nəticə vermədi və üç aydan sonra 2016-cı il, sentyabrın 30-da “Bank Standard” bağlandı.