QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.
QMİ-dən verilən məlumata görə, fətvada deyilir ki, bu il ölkə ərazimizin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edəcək. Ramazani-Şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası aşağıdakıları bəyan edir:
"Builki Ramazana bütün dünyada sürətlə yayılmaqda olan virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz və dünya birliyi böyük səylə çalışır, bütün mümkün qoruma və müalicə tədbirləri həyata keçirilir. Belə bir mürəkkəb zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirdiyi misilsiz tədbirlərə dəstəyimizi ifadə edir, vətəndaşları qeyd-şərtsiz mövcud xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağırırıq. Xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq, öz tərəfimizdən məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar vermişik. Biz, din xadimləri mövcud xəstəliyin təmas, ünsiyyət vasitəsilə yoluxmasını nəzərə alaraq, bütün məhdudlaşdırıcı tədbirləri dəstəkləyirik. Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsini tövsiyə edirik. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərtilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.
Builki Ramazanın təsadüf etdiyi mürəkkəb zamanda insanlar Uca Allahın əmanəti olan öz həyatlarını və ətrafdakıların canlarını xüsusilə qorumağa borcludurlar. Elə bir dövrdür ki, bir adamın məsuliyyətsizliyi, laqeydliyi minlərlə günahsız insanın həyatı bahasına başa gələ bilər. Bunun böyük günah olduğunu unutmamalıyıq. Şəriətə görə, insanın sağlığına, sağlamlığına zərər verə biləcək, bədənini zəiflədərək xəstəlik qarşısında aciz hala gətirəcək məqamlara yol verilməməlidir"
Fətvada deyilir ki, orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. İnşallah, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcəkdir. Ramazan ayının başlanma və bayram günü tarixləri Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən müəyyən edilir. Azərbaycan dövlətinin Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu günlər təqvimdə bayram günü kimi qeyd edilir.