Sənaye

“Hər ixrac edilən tanker ölkəyə proqnozdan iki dəfədən az gəlir gətirir” – MÜSAHİBƏ

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində neftin qiymətinin ucuzlaşmasının sosial-iqtsadi təsirlərindən danışıb. 

ENA.az həmin müsahibəni təqdim edir:

Amerikanın Səsi: Dünya bazarında neftin qiymətinin kəskin düşməsi təkcə koronavirus pandemiyası fəsadları ilə bağlıdır, yoxsa başqa faktorlar da var?

İlham Şaban: Əlbəttə ki, bu kompleks bir neçə mənfi təzahürün əlamətidir ki, neftin qiyməti birdən- birə 1 ay ərzində 2,3 dəfə düşməyə məruz qaldı. Əgər martın 1-də neftin qiyməti 52 dollar idisə artınq martın 30-u ilk dəfə 22 dollardan aşağı qiymətə satılmağa başladı ki, bu da 2002-ci ilin martında ticari edilən qiymətlərə uğun idi. Bəs nə baş verdi ki, birdən-birə neftin qiyməti bu cür ucuzlaşdı. Əgər ilin əvvəli ilə biz müqayisə eləsək artıq yanvarın 6-da neftin maksimum qiyməti 71 dollar 8 sent idi. Düzdür burada siyasi məqamlar, ABŞ-la İran arasında olan gərginlik neftin qiymətinin artımına səbəb olmuşdur. Ancaq istənilən halda neft 65-70 dollar dəhlizində idi. Biz görürük ki, neftin qiyməti kəskin ucuzlaşdı. Mart ayında əlbəttə ki, birinci olaraq qiymətinin ucuzlaşmasına təsir edən koronavirus pandemiyası idi. Çünki bu, iqtisadi fəallığı, insanların yerdəyişməsini məhdudlaşdıran bir amil idi. Birinci, bu, aviasiyaya öz təsirini göstərdi. İkincisi, bu, müəssisələrin fəaliyyətinin dayandırılması və 3-cüsü avtomobillərin hərəkətinin dayandırılması oldu. Nəticədə istehlak get-gedə azaldı. Əgər enerjiyə tələbat azalırsa, demək qiymət düşəcək. Qara bazar ertəsi neftin qiymətinin kəskin ucuzlaşması Səudiyyənin açıqlaması oldu ki, o artıq aprelin 1-dən 10,6 milyon barrel neft hasilatını artırır. Bu da bazarlara çox neqativ təsir edən amil oldu. İkinci bir başqa amil ondan ibarət oldu ki, Rusiya Şimali Avropaya öz neft ixracını artırdı. Bu xəbərlər də təbii ki, bazarlarda öz əksini neqativ fonda tapmalı idi.

Amerikanın Səsi: Qiymətlərin qeyri-sabit qalması sizcə nə qədər davam edəcək? Bunun qarşısının alınması üçün neft istehsalçıları və ixracatçıları hansı tədbirləri görməlidir?

İlham Şaban: Hələ qeyri-müəyyəndir. On gün davam edəcək, on beş gün davam edəcək, bir ay davam edəcək, bunu demək çətindir. Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı oldu, gördük ki, bazara təsir etmədi. Çünki hansısa nəticəyə doğru bazara bir informasiya verilmədi. Başqa bir tərəfdən ABŞ prezidenti ilə Səudiyyə kralı arasında da danışıq olmuşdur. Gördük ki, bir şey olmadı. Bazar konkret addımlar tələb edir. O konkret addımlar yoxdur. İkinci bir tərəfdən artıq aprel ayının 2-ci həftəsinin sonunda Çin dünyanın ən böyük istehlak bazarı karantini aradan götürür. Bu yaxşı xəbərdi. Ancaq, bu yaxşı xəbər də neftin qiymətini yuxarı artırmaq gücündə deyil. Nəyə görə? Çünki bir tərəfdən yaxşılığa doğru gedir. Digər istehlak bazarları olan Avropa və Amerikada pandemiya artıma gedir. Əgər bu istehsal bazarıdırsa, onun istehlaksıçı yoxdursa və bu enerjini tələb etməyəcək. Buna görə də qeyd edirlər ki, bu hələ bir-iki ay da uzana bilər.

Amerikanın Səsi: Azərbaycan iqtisadiyyatının hələ də neftdən aslı olmasını nəzərə alaraq qlobal enerji bazarında baş verən proseslərin ölkəyə təsirlərini necə qiymətləndirirsiniz ?

İlham Şaban: Əlbəttə ki, təsir artıq bu gün hiss edilir. Hiss edilir, ona görə yox ki, hamı `evdəqal` kampaniyasına qoşulub. Əsas ondandır ki, əgər biz büdcəmizdə formalaşmanı, 55 dollardan, neftin orta ixracından götürmüşüksə və hələ ki, birinci rübün sonunacan bu neftin orta qiyməti müəyyən qədər ilk iki ayda 60, üçüncü ayı da götürsək bəlkə də bir 45 dollar səviyyəsində idi. İkinci rübün nəticələri və yaxud indiki qiyməti götürsək, ondan iki dəfədən azdırsa, demək hər ixrac edilən tanker proqnozlaşdırılandan daha az, özü də iki dəfədən az gəlir gətirir. Bu bizim ümumilikdə yəni icmal büdcəmizdə neft fondunun gəlirlərində, həm də dövlət büdcəsində öz əksini neqativ fonda tapmaya bilməz. Düzdür hökümət rəsmiləri ilk əvvəllər qeyd etdilər ki, hətta 40 dollar bizim üçün o qədər təsirli ola bilməz. Çünki neft şirkətlərinin büdcəyə köçürmələri o qədər böyük deyil. Hardasa təqribən 450-500 milyon manat az olacaq. Ancaq, biz görürük ki, bu get-gedə artacaq və ikinci bir tərəfdən heç kəs bu, `evdəqal` kampaniyası və istehsalın azalmasl, bax, bunları nəzərə almamışdır. Bir məsələni də nəzərə almaq lazımdır ki, 2,7 milyard manat cari ilin büdcə kəsiridir. Bunun üzərinə bu koronavirus pandemiyasının gəldiyi 2,5 milyardlıq hələ ilkin olaraq görünməmiş, nəzərdə tutulmamış xərcləri də əlavə etsək, başqa tərəfdən bunun hələ fəsadları nə qədər müddətə olacaq, bu, gətirib xeyli vəsaiti ortaya qoyur ki, onun mənbələri məlum deyil. Düzdür məhz bu cür hadisələr üçün iqtisadi təhlükəsizlik yastığımız var. Bu neft fondudur. Biz bu il neft fondundan kifayət qədər vəsait xərcləyə bilərik. Neft fondunda nəzərdə tutduğumuz vəsaiti kifayət qədər azala bilərik.

Amerikanın Səsi: Çıxış yolu varmı?

İlham Şaban: Çıxış yolu burada rasional xərcləmələrdir. Rasional xərcləmələr hökümətin daha effektiv iş üslubu, ondan sonra hökümətin xərcləmələrinin, admnistrativ xərcləmələrinin azaldılmasıdır. Bizim kiçik bir ölkə üçün, nə qədər agentliklər, nə qədər komitələr, əsasən də 2015-ci ildən sonra yaradılmış bir-birini təkrar edən qurumlar var. Mən hesab edirəm ki, bu xərcləmələr azaldılmalıdır. Bizdə Asan Xidmət hansı ki, hökümətin funksiyasını həyata keçirir. O öz fəaliyyətini genişləndirirsə hökümətin xərcləmələri azalmır. Yəni hökümət baxmalıdır ki, bunlar effektiv işləyirsə, effektiv idarəetmə mexanizmi kimi alternativ olaraq bu gəlib. İnsanlara bu xidmət kimi göstərirsə onda o icra strukturunun nəyə görə xərcləmələri azalmalı deyil? Mən həmişə bu misalı çəklirəm necə olur ki, Azərbaycan sərhədlərindən kənarda Azərbaycan dövlətinin bir nömrəli vergi ödəyicisi Azərbaycan Dövlət Neft Şirkəti maştablı layihələr həyata keçirir. O layihələri nəzərdə tutulmuş büdcədən aşağı qiymətə həyata keçirir. İstər boru kəməri olsun. İstər digər layihələr olsun. Ancaq ölkənin içərisində heç bir nazirlik, heç bir qurum bunu edə bilmir. Demək o praktikanı ölkənin içərisində hal-hazırda tətbiq eləmək lazımdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)