Neft Fondu: Aktivlərin məcburi satışına ehtiyac yoxdur
ENA.az xəbər verir ki, son dövrlər baş verən hadisələrlə bağlı Azərbaycan Respublikası Dövlət Neft Fondu barədə ictimaiyyəti maraqlandıran bir sıra məqamları nəzərə alaraq qeyd edilən məsələləri qruplaşdıraraq bir neçə suallara cavab verib.
Məlum olduğu kimi, hər il ARDNF-dən dövlət büdcəsinə müəyyən edilmiş həcmdə transfertlər həyata keçirilir və Fond da öz növbəsində bu xərcləri qarşılamaq üçün ən azı həmin məbləğ qədər çox qısa müddətli aktivləri investisiya portfelində saxlayır. Bununla yanaşı ARDNF-nin vəsaitləri həm də ölkə iqtisadiyyatı üçün xarici şoklar zamanı “təhlükəsizlik yastığı” rolunu oynayır və dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir. Bunu nəzərə alaraq ARDNF-nin vəsaitlərində heç bir zərərə səbəb olmadan dərhal istifadə edilə biləcək yüksək keyfiyyətli likvid alətlər önəmli hissəni təşkil edir. Belə ki, Fondun aktivlərinin 70%-ə qədərini borc öhdəlikləri və pul bazarları alətləri portfeli təşkil edir. Mart ayının sonuna yalnız ABŞ dollarında ifadə olunan aktivlərdə gəlir əldə edilən nağd vəsaitlərin həcmi təxminən 4 milyard ABŞ dollarına bərabərdir. Bununla yanaşı, təkcə ABŞ dollarında ifadə olunan istiqraz portfelində yalnız əsas məbləğin qaytarılmasına görə təqribən 2,4 milyard ABŞ dolları həcmində nağd vəsait ARDNF-yə daxil olacaqdır. Bir daha qeyd edirik ki, ARDNF-nin öhdəliklərinin yerinə yetirilməsi istiqamətində investisiya portfelinə daxil edilən aktivlərin heç bir zamansız və məcburi satışına ehtiyac yoxdur.