Statuslar

"Bank Standard"ın ləğv planı təsdiq oluna bilmir

“BANK STANDARD”IN LƏĞV PLANI TƏSDİQ OLUNA BİLMİR (məhkəməyə hörmətsizlik edən Əmanətlərin Sığortalanması Fondunun savadsızlığı və qanunsuzluğu ucbatından! Sabahkı iclasımızda bu məsələ ciddi müzakirə olunacaq – bir daha mətbuatı dəvət edirik!)
Dünən Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə keçirilən iclasda müflisləşmiş ən iri bankın – “Bank Standard”ın bu ilin I rübü üzrə Ləğv Planı yenə də təsdiq olunmadı (mən iclasda Kreditorlar Komitəsinin sədri kimi iştirak edirdim). Artıq neçənci dəfədir!
Əslində, rüblük plan müvafiq rüb başlamazdan öncə təsdiqlənməlidir. Artıq cari ilin IV rübünün sonu yaxınlaşır, yəni növbəti ilin I rübü üçün Plan təsdiqlənməlidir. Lakin heç cari ilin I rübünün Planı təsdiqlənməyib! Başqa sözlə, bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) plansız, yəni özbaşına işləyir.


Xatırladıram ki, ƏSF-in vəzifəsi ondan ibarətdir ki, müflis bankın əmlakını satsın, verdiyi kreditləri qaytarsın və nəticədə əldə edilən vəsaiti kreditorlar (o cümlədən əmanətçilər) arasında bölüşdürsün. Sözügedən fəaliyyət korrupsiya üçün geniş imkanlar yaratdığı üçün ƏSF-in fəaliyyətinə məhkəmə və Kreditorlar Komitəsi nəzarət edir. Lakin ƏSF müxtəlif fəndlərə əl ataraq bu nəzarətdən yayınır.


Konkret olaraq dünənki iclasda ƏSF-in nümayəndəsi açıq-aşkar məhkəməyə meydan oxudu: dedi ki, ƏSF məhkəmənin iradlarını nəzərə almayacaq və təqdim etdiyi Ləğv Planı layihəsinə (cari ilin I rübü üzrə!) heç bir dəyişiklik etməyəcək. Hətta ƏSF-in ötən ilin IV rübü üzrə xərclərini (628 785 manat!) təsdiqləyəcək sənədləri də təqdim etmədi. Növbəti iclas dekabrın 11-də keçiriləcək.


Planın məzmununa gəldikdə isə onu deyim ki, orada hətta kobud səhvlər var. Məsələn, ƏSF yazır ki, guya bankın xalis aktivi var. Bu boyda savadsızlıq olmaz axı: müflis bankın xalis aktivi necə ola bilər axı? Kobud qanun pozuntuları da var Plan layihəsində. Məsələn, ƏSF Mərkəzi Bankın banka qarşı olan tələbini növbədənkənar qaydada ödəməyi planlaşdırır. Halbuki, Mərkəzi Bankın növbəsi sonuncudur! Planda yersiz xərclər də əks olunub. Məsələn, göstərilir ki, bankın strukturunda hələ də Kredit Əməliyyatlarına Nəzarət Departamenti var. Bank fəaliyyəti ilə məşğul olmayan, kredit verməyən bir bankda bu Departament nəyə lazımdır axı? Layihədə ƏSF-in yersiz mülahizələri geniş yer alıb. Amma lazım olan məlumatlar yoxdur: məsələn, borc alanlara qarşı aparılan məhkəmə işlərinin siyahısı. Ümumiyyətlə, ƏSF borcları yığmaqda çox ləng hərəkət edir, sanki borc alanlarla arxamızda sövdələşib. Bankın bahalı daşınmaz əmlaklarını da satmağa nədənsə tələsmir. Sanki kimlərlə isə pərdəarxası bazarlıq edir. Halbuki, bütün əmlakları çoxdan hərraca çıxarıb ən baha qiymət təklif edənə satmalı idi.


Bu və ya digər məsələləri sabah, noyabrın 22-də saat 15.00-da ƏSF-in binasında (Babək prospekti, 16) keçiriləcək Kreditorlar Komitəsinin növbəti iclasında ətraflı müzakirə edib lazımi qərarları qəbul edəcəyik. Ümid edirəm ki, iclasa dəvət olunmuş ƏSF rəhbəri Vüqar Abdullayev gəlib suallarımızı cavablandıracaq və əvvəllər verdiyi vədləri necə yerinə yetirdiyi haqda hesabat verəcək. Kreditorlar və mətbuat dəvətlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department